“Beşiktaş”da Kariusu kimin əvəz edəcəyi məlum oldu
Koronavirus pandemiyasına görə yaranmış fasilə dönəmində əsas qapıçısı Loris Kariusla yollarını ayırmaq məcburiyyətində qalan Türkiyənin “Beşiktaş” klubunun Super Liqanın bərpasından sonrakı dönəmdə “çərçivə”ni kimə həvalə edəcəyi maraqla gözlənilir.
Komanda.az xəbər verir ki, artıq baş məşqçi Sergen Yalçının bu baxımdan seçimini dəqiqləşdirdiyi bildirilir.
“NTV Spor”un yazdığına görə, baş məşqçi əsas heyətdə 19 yaşlı Ersin Destanoğluna şans verəcək. Bu həftə baş tutacaq “Antalyaspor”la oyunda qapıda məhz bu gənc qolkiper duracaq.
“Beşiktaş”da bu mövsüm Kariusla birgə Utku Yuvakıran da bir neçə oyunda “çərçivə”ni qoruyub. 22 yaşlı qolkiper Super Liqa və Avropa Liqasında 1, Türkiyə kubokunda 2 oyuna çıxıb. Amma Kariusun gedişi onun komandanın əsas qapıçısı olmasına şərait yaratmayıb.
Maraqlıdı ki, “Beşiktaş”ın öz yetirməsi olan Ersin Destanoğlu hələ indiyə qədər əsas komandada heç bir oyun keçirməyib. Buna baxmayaraq, Sergen Yalçın məhz bu gənc qapıçıya şans verməyə qərar verib.
Müqavilə ilə İngiltərənin “Liverpul” klubuna məxsus olan, “Beşiktaş”da icarə əsasında oynayan Karius, İstanbul təmsilçisinin ona olan borcunu ödəmədiyi üçün anlaşmasını birtərəfli qaydada ləğv etmişdi.
Bizi Facebook-da izləyin