“Beşiktaş” futbolçusunu 1.5 milyona satdı
Türkiyənin “Beşiktaş” klubu müdafiəçisi Sərdar Saatçı və hücumçu Kənan Karamanla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Sərdar Portuqaliyanın “Braqa” klubuna transfer olunub. “Qara qartallar” bu satışdan 1.5 milyon avro qazanıb. Lakin futbolçunun yeni klubundakı performansından asılı olaraq, Türkiyə təmsilçisi bonuslarla daha 1 milyon avro qazana bilər.
19 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb. “Braqa” gənc futbolçuya 40 milyon avroluq qiymət qoyub. Futbolçunun gələcəkdəki mümkün satışı zamanı gəlirin 20 faizi “qara qartallar”a ödəniləcək.
Sərdar Saatçı “Beşiktaş”ın öz yetirməsidir. O, son iki mövsümü əsas komandada keçirib. Gənc stopper əsas komandada bütövlükdə 15 matça çıxıb, 1 qol vurub. Müdafiəçi Türkiyənin U-21 yığmasının da formasını geyinir.
Kənan Karaman isə azad agent statusu alıb. O, bundan sonra Almaniyanın “Şalke” klubunda forma geyinəcək. 28 yaşlı hücumçu Bundesliqa təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb.
Kənan 2021-ci ilin iyulunda Düsseldorf “Fortuna”sından azad agent kimi ayrılaraq “Beşiktaş”la müqavilə bağlamışdı. Onun bu klubla sözləşməsi 2023-cü ilin yayında bitəcəkdi. Karaman İstanbul təmsilçisində 35 oyuna çıxıb və cəmi 2 qol vurub. Almaniyada dünyaya göz açmış futbolçu, peşəkar karyerasına “Hoffenhaym”da başlayıb. Daha sonra o, “Hannover” və “Fortuna”da çıxış edib. 2012-ci ildən Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarına dəvət alan hücumçu, 2017-ci ildən əsas millidə forma geyinir. O, Türkiyə yığmasında 31 oyuna 6 qola imza atıb.
Yeri gəlmişkən, “Beşiktaş”ın bir müddət öncə yollarını ayırdığı Oğuzhan Özyakupun da yeni iş yeri müəyyənləşib. 29 yaşlı yarımmüdafiəçi dünyaya göz açdığı Niderlanda qayıdıb. O, bundan sonra sözügedən ölkənin “Fortuna Sittard” klubunun uğurları üçün çalışacaq. Hansı ki, bu komandada daha 2 türk futbolçu – Burak Yılmaz və Doğan Erdoğan da çıxış edir. Türkiyəli futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
“Beşiktaş” Oğuzhan Özyakupu 2012-ci ilin iyulunda İngiltərənin “Arsenal” klubundan 500 min avro qarşılığında transfer etmişdi. O, 10 il formasını geyindiyi İstanbul təmsilçisinin heətində 310 matça çıxıb, 35 qol və 62 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi 2020-ci ildə qısa müddət “Feyenoord”da icarədə də olub. Oğuzhan Türkiyə yığmasında da 43 oyuna çıxıb, 1 qol vurub.
Bizi Facebook-da izləyin