Berluskoninin klubu yeni transferlərini açıqladı
“Milan”ın sabiq prezidenti Silvio Berluskaninin sahibi olduğu İtaliyanın “Monza” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyasının yeni iştirakçısı müdafiəçi Samuele Birindelli, yarımmüdafiəçi Filippo Ranokkya və hücumçu Canluka Kaprarini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Piza”dan transfer olunan Birindelli ilə 4 illik müqavilə imzalanıb. Müvafiq olaraq “Yuventus” və “Verona”dan gələn Ranokkya və Kaprari isə satınalma şərti ilə qarşıdakı mövsümün sonunadək icarəyə götürülüb.
Samuele Birindelli peşəkar karyerasına yetirməsi olduğu “Piza”da başlayıb və yalnız bu komandanın formasını geyinib. Əsas komandada 17 yaşındaykən debüt edən futbolçu, bütövlükdə 192 matça çıxıb, 17 qol vurub. 23 yaşlı futbolçu sağ cinah müdafiəçisidir.
Filippo Ranokkya isə “Yuventus”un yetirməsidir. Turin klubunun gənclərdən ibarət kollektivində forma geyinən futbolçu, əsas komandada debüt şansı qazanmayıb. Bu üzdən də 21 yaşlı futbolçu “Peruca” və “Viçentsa” kimi komandalarda icarədə oynayıb. Yarımmüdafiəçi İtaliyanın U-21 yığmasına da dəvət alır.
Canluka Kaprari də “Roma”nın yetirməsidir. 28 yaşlı hücumçu 2021-ci ildən “Verona”da forma geyinirdi. O, karyerası ərzində “Peskara”, “Sampdoriya”, “Parma” və “Benevento”nun da uğurları üçün çalışıb. Forvard İtaliya yığmasında 1 oyun keçirib.
Kaprarini “Monza”ya icarəyə verən “Verona” da fransalı hücumçu Tomas Henrini heyətinə qatıb. “Venesiya”dan transfer olunmuş 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. 2021-ci ildən “Venesiya”da çıxış edən fransalı, ona qədər yalnız ölkəsində oynayıb.
“Verona” hücumameylli yarımmüdafiəçi Alessandro Kortinovis və müdafiəçi Coş Doyqu da transfer edib. Şotlandiyanın “Hibernian” klubundan alınmış Doyqla 4 illik müqavilə imzalanıb. “Hibernian”ın öz yetirməsi olan müdafiəçi, bu klubun əsas komandasında 78 oyuna 1 qol vurub. 20 yaşlı futbolçu Şotlandiyanın U-21 yığmasının da üzvüdür.
Kortinovis isə “Atalanta”dan mövsümün sonuna kimi icarəyə götürülüb. İtaliyanın gənclərdən ibarət yığmasının da üzvü olan 21 yaşlı futbolçu ötən mövsümdə də “Recina”da icarəyə oynayıb.
Bizi Facebook-da izləyin