
Berezutski: “Bu elə bir oyundur ki, mübarizə aparmalısan, döyüşməlisən”
“Sabah” mayın 31-də Azərbaycan kubokunun finalında “Qarabağ”la üz-üzə gələcək.
Komanda.az xəbər verir ki, oyundan iki gün əvvəl Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib. Rusiyalı mütəxəssis qarşıda onları maraqlı bir oyun gözlədiyini söyləyib:
“Qarşıda bizi maraqlı bir oyun gözləyir. “Sabah” ilk dəfə finala çıxıb. Bu oyunda ya qalib gələcəksən, ya da məğlub olacaqsan. Başqa variant yoxdur. Həqiqətən, gərgin qarşılaşma olacaq.
Zədəlilərdən yalnız Seymuru deyə bilərəm. Qalan hər kəs hazırdır. Bir aydır ki, artıq bu oyuna hazırlaşırıq. Biz sadəcə köklənmişik ki, bu oyunda qalib olaq. Bu barədə danışmağa çox erkən başlayırıq. Mən düşünürəm ki, təyin olunandan bir həftə sonra getməli idim (gülür). Gəlin tələsməyək, final oyununu gözləyək. Bu elə bir gündür ki, çalışmalısan, qalib gəlmək üçün əlindən gələni etməlisən. Bu elə bir oyundur ki, mübarizə aparmalısan, döyüşməlisən. “Qarabağ” da bu oyunda çox motivasiyalı çıxış edəcək. Mən başa düşürəm ki, oyunun favoriti onlardır. Amma deyərdim ki, şanslar 50-nin 50-yədir.
Demək olar ki, biz 20 oyunçu ilə finala hazırlaşırıq. Amin Seydiyev uzunmüddətli zədədən sonra komandaya qoşulub. Oyunun gedişində hansısa dəyişikliklər etmək lazım olarsa, ona uyğun da edəcəyik. Ümumi epizodlar var, hansı ki, biz məşqçilər aramızda rəqibi necə zərərsizləşdirməyin yollarını müzakirə edirik. Amma individual olaraq hansısa bir yol yoxdur. Gələcəkdə nələr baş verəcəyini deyə bilmərəm. Yalnız qarşıdakı oyuna köklənmişik”.
“Sabah” – “Qarabağ” matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Oyunun start fiti saat 19:00-da səslənəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



