Berezutski: “Biz həddindən çox məyusuq”

“Sabah” Azərbaycan Premyer Liqasının 21-ci turunun açılış matçında “Kəpəz”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçdan sonra 2:3 hesabı ilə məğlub olan Masazır təçsilçisinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı baş tutub. Berezutski bu nəticənin çox üzücü olduğunu bildirib:

“Belə səhvlər edəcəyiksə, heç nədən qollar buraxacağıqsa, qələbə qazanmaq çətin olacaq. Çox üzücüdür. Rəqib heç bir ciddi hücumlar yaratmadan qollar vurdu. Amma bu, futboldur.

Deyə bilərəm ki, biz istəkdə heç də geri qalmırdıq. Hətta azlıqda belə, hücumlar edirdik. Onu bildirim ki, biz rəqibə şansda uduzduq.

Biz bu cür hallarla özümüzə çətin durum yaratdıq. Bilirik ki, qarşıda daha güclü komandalarla oyunlarımız olacaq. Ona görə bu gün buradayıq.

Yeni qapıçımız hazırlaşır. Biz bu barədə qapıçılar üzrə məşqçilərimizlə müzakirələr aparacağıq. Kim hazır olacaqsa, o da oynayacaq.

“Neftçi” ilə oyuna baxsaq, demək olar ki, heç-heçə bitməli oyun idi. “Sumqayıt”la matçda çox şanslarımız olsa da, yararlana bilmədik. “Kəpəz”lə qarşılaşmada isə çox lazımsız səhvlər buraxdıq. Bu, futboldur.

Biz həddindən çox məyusuq. Hər bir zərbəni alan idmançı kimi ayağa qalxmalıyıq və bunun təsadüf olduğunu meydanda sübut etməliyik”.

“Sabah” növbəti turda “Turan Tovuz”u qəbul edəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button