Benzema Puşkaşı geridə qoydu

Madrid “Real”ının İspaniya La Liqasının 13-cü turu çərçivəsində “Eybar” 4:0 hesabı ilə məğlub etdiyi qarşılaşma bu komandanın hücumçusu Kərim Benzema üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, fransalı hücumçu bu oyunda dubla imza atmaqla La Liqada vurduğu qolların sayını 157-yə çatdırıb. Bununla da o, “Real”ın İspaniya çempionatında ən çox qol vuran futbolçularının siyahısında 6-cı pilləyə yüksəlib.

Benzema bu dubl sayəsində macarıstanlı əfsanəvi futbolçu Ferents Puşkaşı geridə qoyub. Hansı ki, bu futbolçunun hesabında 156 qol var idi.

2009-cu ildən “Real”da forma geyinən Benzema bu komandanın heyətində müxtəlif turnirlər çərçivəsində 233 qola imza atıb. Bu göstəricidə isə o, Madrid təmsilçisinin 4-cü ən qolçu oyunçusudu.

Benzema “Real”ın heyətində keçirdiyi 480 oyunda 233 qolla yanaşı, 129 məhsuldar ötürmə müəllifi də olub.

“Real” tarixinin ən çox qol vuran futbolçuları:

  1. Kristiano Ronaldo – 450 qol
  2. Raul Qonzales – 325 qol
  3. Alfredo Di Stefano – 266 qol
  4. Kərim Benzema 233 qol
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button