“Belə təxribatlara uymamalıyıq” – Kintana
“Qarabağ”ın futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Düdelanj”a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.
Komanda.az xəbər verir ki, “Radio Marca”ya danışan ispan futbolçu, qarşılaşmada baş verən erməni təxribatına münasibət bildirib:
“Keçən il “Arsenal”la keçirilən oyunda da (0:1) bir azarkeş bu bayraqla meydana daxil olmuşdu. Buna görə oyun dayandırılmamışdı, amma təxribat var idi. Düşünürəm ki, belə təxribatlara uymamalıyıq. Baş məşqçimiz də bizə bunu məsləhət görür. Amma bəzi futbolçular üçün bunun çətin olduğunu başa düşürəm. Ailə üzvlərini itirənlər və ya evlərini tərk etmək məcburiyyətində qalanlar var. Həm də unutmayaq ki, “Qarabağ” əslində münaqişənin olduğu bölgədəndir. Ancaq düşünürəm ki, baş verənlərə nə qədər az diqqət ayırsaq, o qədər az təxribatlar olar.
Hakim bizə bildirdi ki, bayraq yenidən meydançanın üzərinə gətirilsə, buna fikir verməyək və futbolumuzu oynayaq. Hətta növbəti səfər oyunumuzda da bu halın təkrarlanma ehtimalı vurğulandı. Çünki qrupun 4-cü turunda APOEL-in qonağı olacağıq. Kiprdə çox sayda erməni yaşadığından, orda da bənzər hadisə ilə üzləşə biləcəyimiz barədə bizə məlumat verildi. Belə xoşagəlməz olayların davam etməsi təəssüf doğurur”.
Bizi Facebook-da izləyin