“Səhvlərdən qaça bilmədik” – Müsahibə
Belarus yığması ilə yoxlama oyunu (3:5) keçirən Azərbaycan millisinin üzvü Xətai Bağırov Azərbaycan Futzal Federasiyasının saytına müsahibə verib.
Komanda.az həmin müsahibəni təqdim edir:
- Hesabı açan millimiz sonda niyə məğlub oldu?
- Oyuna yaxşı başlamışdıq. Buna görə də hesabı açdıq. Ancaq səhvlərdən qaça bilmədik. Rəqib oyun ərzində hansısa fantastik çıxışla yadda qalmadı. Sadəcə, bizim səhvlərimiz çox oldu. Mövsümün əvvəlidir, hələ çempionat başlamayıb. Buna görə də, heç birimiz tam formada deyilik.
- Bu qədər çox səhvə yol verməyiniz nədən qaynaqlanırdı?
- İki “dördlük”lə oynadıq. Bizim “dördlük”də bir dəyişiklik var, digər “dördlük”də isə Rizvanla Vitali bir-birini başa düşür. Digərləri ilə bir yerdə az oynadıqlarından, anlaşılmazlıq var. Bunlar tədricən düzələcək. Bu, yay fasiləsindən sonra millinin heyətində ilk oyunumuz idi. Oynadıqca, problemlər aradan qalxacaq.
- Baş məşqçi fiziki hazırlığın zəif olduğunu qabartdı.
- Məşqçinin fikridir. O, kənardan daha yaxşı görür. Ancaq “dördlük”lərlə bağlı dediklərim də səhvlərdə az rol oynamadı.
- Oyuna tam köklənmişdiz?
- Köklənmə pis deyildi. Yenə deyirəm, bunlar mövsümün əvvəlinə xas olan çatışmazlıqlardır. Çempionat başladıqdan sonra hər şey qaydasına düşəcək. Oyun zamanı 1-2 epizodda köklənmə pozuldu.
- Belarusla iki gün sonra cavab oyunu var. Nəyi dəyişmək mümkün olacaq?
- Bu oyunun videosuna baxacağıq. Baş məşqçi problemləri deyəcək. Əlbəttə, ikinci oyuna bundan daha yaxşı hazırlaşacağıq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin