“Belə turnirdə qazanılacaq hər xal önəmlidir” – Azərbaycan millisinin baş məşqçisi
“Məqsədimiz maksimum dərəcədə yaxşı çıxış etmək olacaq və üç görüşdə qələbəyə köklənəcəyik. Belə turnirdə qazanılacaq hər xal önəmlidir”.
Komanda.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
Avropa çempionatının seçmə mərhələsində keçiriləcək oyunlarla bağlı danışan mütəxəssis noyabrın 4-dən 8-dək Qəbələdə təlim-məşq toplanışı keçdiklərini bildirib:
“Həm daxili çempionatda çıxış edən, həm də ölkə xaricində oynayan uşaqlar yaxşı formadadırlar. Hazırda bütün diqqətimizi Macarıstan yığmasına qarşı keçirəcəyimiz ilk oyuna kökləmişik. Bu matçın üzərində ətraflı təhlil aparmışıq. Macarıstan yığması püşkatma zamanı A səbətindən çıxıb, güclü komandadır. Buna baxmayaraq, komanda olaraq ilk oyunda uğurlu nəticə əldə etmək istəyirik”.
Baş məşqçi hər oyuna qələbə qazanmaq üçün çıxacaqlarını söyləyib:
“Yunanıstan və Rumıniya komandalarını da təhlil etmişik. Buradakı matçlarını canlı izləməyə və futbolçuları buna uyğun məlumatlandırmağa çalışacağıq. Məqsədimiz maksimum dərəcədə yaxşı çıxış etmək olacaq və hər üç görüşdə qələbəyə köklənəcəyik. Belə turnirdə qazanılacaq hər xal önəmlidir”.
Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda yer alan U-17 noyabrın 13-də Macarıstan, 16-da Yunanıstan və 19-da Rumıniya yığmaları ilə qarşılaşacaq. Qrupun bütün oyunları Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.
Bizi Facebook-da izləyin