“Təkrar edirəm: “Kəpəz” qarşısına qoyulan hədəfə çatacaq” – MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasına uğursuz start verən (4 oyun, 4 məğlubiyyət) “Kəpəz”in baş məşqçisi Adil Şükürov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– “Kəpəz”ə ikinci dəfə qayıtmısız. Hazırkı durumu nəzərə alaraq, nəticələri necə qiymətləndirirsiz?

– Təbii ki, nəticələr heç də biz istədiyimiz kimi deyil. Lakin bu durumu müsbətə dəyişmək üçün hamılıqla çalışırıq. Biz də anlayırıq ki, qarşımıza qoyulan məqsədə çatmaq üçün qarşıdakı oyunlarda xallar qazanmaq lazımdır.

– Premyer Liqanın yeni mövsümünə uğursuz startın səbəbini nədə görürsüz?

– Sözün düzü, bu cür startı ağlımızdan belə, keçirmirdik. Futbolun da gözəlliyi elə ondadır ki, sən bir şeylər planlayırsan, amma qarşına tam əksi çıxır və sən vəziyyəti düzəltmək üçün çıxış yollarını axtarırsan. Bəzən bu, tez bir zamanda alınır, bəzən isə daha çox zaman sərf edirsən. Görürsüz, vəziyyəti dəyişmək üçün transfer çalışmalarını davam etdiririk. Təbii ki, zamanında çatdırmadığımız transferləri indi etmək fikirləşdiyimizdən də ağır olur.

– Çıxışlarınızın birində demişdiz ki, futbolçular məşqdəki performansı oyunlarda nümayiş etdirə bilmir. Bunu nə ilə əlaqələndirirsiz və düzəlməsi üçün hansısa çıxış yolları axtarırsız?

– Bəli, biz komandada olan futbolçuların bacarıqlarına inanıb güvənirik. Məşqlərdə gördüklərimiz bizi çox ümidləndirir. Amma futbolçuların oyunda bəzən məşqlərdə etdiklərini nümayiş etdirə bilməməsi onlarda özgüvəni itirməyə səbəb olur. Bu səbəbdən, biz futbolçularla ayrı-ayrılıqda söhbətlər edirik, ümumi baxışlarını öyrənirik və problemi birlikdə həll etməyə çalışırıq. Biz bir komandayıq və birlikdə bu problemin öhdəsindən gələcəyik.

– Komandaya cəlb olunan əcnəbi futbolçuların uğursuzluğunda sizi də qınayırlar. Siz bu barədə nə düşünürsüz?

– Təbii ki, baş məşqçi olaraq bütün məsələlər sonda mənə dönür və bu məsuliyyət mənim üzərimdədir. Bu vəziyyətin düzəlməsi üçün bütün imkanlardan istifadə olunur. Anlayıram ki, futbolçuların uğurlu çıxışı üçün özgüvən olmalıdır – istər məşqlərdə, istərsə də oyunlarda. Amma bunun üçün də bəzən daha çox zamana ehtiyac olur.

– Qarşıda hələ çox oyunlar var, düzdür. Amma bu gedişat “Kəpəz”in Premyer Liqadan düşə biləcəyini göstərir. Sonuncu pillədən çıxmaq üçün konkret planınız var?

– İlk başlayanda da bildirmişdim və yenə də təkrar edirəm: “Kəpəz” qarşısına qoyulan hədəfə çatacaq. Sadəcə, bu uğursuz oyunların fonunda hər kəsdə inam azalıb. Amma mən komandaya və ətrafımda mənimlə bərabər olan hər kəsə inanıram. Biz bu durumdan çıxıb daha yaxşı, böyük hədəflərə doğru gedəcəyik. Konkret olaraq, komandada özgüvəni artırmalıyıq. Bunun üçün rəhbərlik də lazım olan dəstəyi öz tərəfindən göstərir.

– Mövsümün qalan hissəsində əsas hədəfiniz nədir?

– Mövsümün əvvəlində olan hədəfə doğru irəliləmək və sonda bizə aid olanı götürmək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button