“Belə problemləri gözləmirdik” – Regekampf

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 11-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:3 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Çox çətin situasiyadayıq. Zədəli, cəzalı oyunçularımız var. Bu gün “Sabah”a qarşı mübarizə aparmaq istəyirdik. Səmimi olmalıyıq və bildirməliyik ki, rəqib yaxşı dönəm keçirir. İlk hissədə istədiyimiz şeyləri etməyə çalışırdıq, sonlandırmaya çatanda bunu bacarmırdıq. Caberin, Donyonun qol epizodları var idi. Lavalın epizoduna baxanda iki oyunçunun arasında mübarizə gedirdi, fol olmamalı idi. İlk hissəni 0:2 geridə başa vurduq. İkinci yarıda da 3-cü qolu buraxmalıydıq ki, komanda ayılsın. Son 20 dəqiqədə təzyiq etdik. “Sabah” futbolçuları yalnız yerdə vaxt uzatmaqla məşğul idi. Hətta biz azlıqda oynayırdıq. Bir az da bəxtimiz gətirsəydi və şanslardan istifadə etmək mümkün olsaydı, oyun 3:3 bitə bilərdi. Bəzi problemləri həll edə bilmişik. Zədəli oyunçularımızı bərpa etməyə çalışırıq. Bu gün məğlub olduq və 3 futbolçu itirdik.
  • Nəticəni ədalətli sayırsız?
  • Ədalətli o vaxt sayardım ki, oyunun gedişatında hakimin verdiyi qərarlar hər iki tərəfə eyni olardı. Oxşar hallarda fərqli yanaşma olurdu. Sona 8 dəqiqə artırıldı, amma onun bəlkə 2 dəqiqəsini oynamadıq.
  • Komanda ilk dəfə evdə məğlub oldu. Futbolçuları oyuna kökləyə bilməmişdiz?
  • Evdə uduzmuşuq, yaxşı hal deyil. Komandada bir neçə problemi həll etmişik. Oynaya bilməyən aparıcı oyunçularımız var. Onların yerlərini doldurmaq üçün məcburən oyunçuların mövqeyini dəyişirik. Bu da asan deyil. Gözləmirdim ki, əlimdə 2 yerli yaxşı futbolçu olsun və hər ikisi oynaya bilməsin. Mövsümün əvvəlində heyəti quranda hər mövqedə 2 futbolçu olmasını istəyirsən. Belə problemləri gözləmirdik. Oyunçu itkiləri məşqlərə də təsir edir. Hər məşqdə 11-13 əsas heyət oyunçusu olur. Bu şeylərə baxmayaraq, son 20 dəqiqədə verdiyimiz reaksiya, mübarizə çox xoşuma gəldi.
  • 7-ci tura kimi işlər yaxşı gedirdi, fasilədə Rumıniyaya getdiz və müəyyən problemlər oldu. Düşünmürsüz ki, özünüzlə bağlı da problem var?
  • Xeyr. Çoxlu itkilərimiz var. Bu dönəmdə 9 oyunçu itirmişik. Məndə problem axtara bilərsiz. Belə görmürəm. Pozitiv insanam. Zədə olanda müdaxilə edə bilmirəm. Aparıcı oyunçuların yerini doldurmaq çətindir.
  • Komanda əksər matçlarda ilk hissəni aşağı səviyyədə keçirir və sanki bir zərbə aldıqdan sonra ayılır. Bu, nə ilə bağlıdır?
  • “Sabah”la matçları və “Qarabağ”la oyunu daha yaxşı bitirməliydik. Bu cür hallar baş verir. Bəzən ilk hissəni, bəzən ikinci yarını daha yaxşı keçiririk.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button