Kompanini sevindirən fasilə
“Bayern”in baş məşqçisi Vensan Kompani Bundesliqada dekabrın 22-dən yanvarın 10-dək davam edəcək qış fasiləsi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az Münhen klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı çalışdırıcı belə bir fasilə olacağına görə şad olduğunu bildirib:
“Belə bir fasilə olacağına görə şadam. Sağalmaq üçün bir az vaxtın olması vacibdir. Yalnız fiziki deyil, həm də mənəvi. Bu, Almaniyada nəzərdə tutulub. İngiltərədə komandalar bu müddət ərzində çoxlu matçlar keçirirlər, onların çox qədim ənənələri var”.
Kompaninin komandası Almaniya çempionatının 13 turunun nəticələrinə əsasən 33 xal toplayıb və turnir cədvəlində 1-ci yerdədir. Münhenlilər 2-ci pillədə qərarlaşan Frankfurt “Ayntraxt”ını 6 xal qabaqlayır.
Bizi Facebook-da izləyin