“Bayern” Maneni satmağa hazırlaşır
“Bayern” vingeri Sadio Maneni satmaq niyyətindədir.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisinin digər oyunçuları Manenin Leroy Sanenin üzünə zərbə endirməsindən narazı qalıblar.
Eyni zamanda, “Bayern”in futbolçuları seneqallı oyunçunun heyətdə yalnız Bouna Sarrla ünsiyyət qurduğunu dilə gətiriblər. Sarr həm də, Seneqal milli komandasında çıxış edir.
Bundesliqa klubu seneqallı futbolçuların – Mane və Sarrın əvəzinə “Napoli”nin hücumçusu Viktor Osimheni heyətdə görmək istəyir. Lakin bu, mümkün deyil. Çünki Mane Almaniya təmsilçisində ildə ən azı 10 milyon avro qazanc əldə edir. “Napoli” hazırda bu məbləği ödəmək gücündə deyil.
“Bayern” Sadio ilə bağlı rəsmi təklif alsa, danışıqlar aparmağa hazırdır.
Mane ötən ilin yayından Münhen klubunda forma geyinir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 35 oyuna çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutan “Mançester Siti” ilə ilk oyunda (0:3) Mane ilə Sanenin sözü çəp gəlib. Onların bu mübahisəsi matçdan sonra paltardəyişmə otağında da davam edib. Afrikalı forvard komanda yoldaşının sifətinə yumruq atıb. Nəticədə, almaniyalı vingerin dodağı partlayıb. Onları komanda yoldaşları və klub rəsmiləri çətinliklə sakitləşdiriblər.
Bizi Facebook-da izləyin