Baxşıyev mümkün istefası haqda danışdı
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 16-cı turu çərçivəsində doğma meydanda “Kəpəz”ə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 0:3 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Başa düşürdük ki, sonuncu pillədə olmamaq üçün qələbə önəmlidir. Həftəlik tsikldə futbolçuların istəkli olduğunu görürdük. Sadəcə, oyun istədiyimiz kimi alınmadı. İlk dəqiqələrdən istədiyimiz tempi görmədik. Düşünürəm ki, problem özümüzdədir. Rəqibə qələbə qazanmaq üçün hər cür şans verdik. Onlar da bundan istifadə etdilər.
Çempionatın ortasıdır. Düşünürəm ki, istək daha da çox olmalıdır. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. “Kəpəz” bizim səhvlərdən sonra aktiv olurdu. Durduğumuz yerdə səhvlər baş verirdi. Yenə deyirəm, problem özümüzdədir. Bəzi şeyləri düzəltməliyik ki, oyunumuz daha yaxşı olsun.
Problem məndədir ki, komanda uduzur. Komandaya cavabdeh şəxs mənəm. Hər məsələyə açığam. Rəhbərlik komandanı gücsüz görürsə, “Qəbələ” üçün ən yaxşısını etməyə hazıram”.
Bizi Facebook-da izləyin