“Bavariya”dan daha iki transfer
Almaniya çempionu “Bavariya” heyətini daha iki futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisi PSJ-nin sabiq hücumçusu Erik Maksim Şupo-Motinq və “Yuventus”un yarımmüdafiəçisi Duqlas Kostanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Son olaraq Fransa PSJ-sində çıxış etmiş Şupo-Motinq azad agent kimi “Bavariya”ya keçib. 31 yaşlı kamerunlu hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. O, yeni komandasında 13 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Erik Maksim Şupo-Motinq 2018-ci ildən PSJ-də çıxış edirdi. Kamerun yığmasında 50-dən çox oyun keçirmiş futbolçu karyerası ərzində “Hamburq”, “Nürnberq”, “Maynts”, “Şalke” və “Stok Siti” klublarında da forma geyinib.
Duqlas Kosta isə mövsümün sonuna kimi icarəyə götürülüb. “Bavariya” braziliyalı oyunçu üçün doğma klubdur. Məsələ burasındadır ki, 30 yaşlı yarımmüdafiəçi 2015-2017-ci illər aralığında məhz Münhen klubunun formasını geyinib. O, 2017-ci ilin yayında məhz “Bavariya”dan “Yuventus”a transfer olunmuşdu. Braziliya yığmasında 30-dan çox oyun keçirmiş Kosta, “Qremio” və “Şaxtyor” (Donetsk) klublarının da formasını geyinib.
Bizi Facebook-da izləyin