“Bavariya”dan “Borussiya”ya 38 milyon avroluq transfer
Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi sabiq müdafiəçisi Mats Hummelsi geri qaytarıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Son olaraq “Bavariya”da forma geyinən 30 yaşlı futbolçu sabiq klubu ilə 3 illik müqavilə imzalayıb. “Borussiya” bu transfer qarşılığında “Bavariya”ya 38 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Hummels “Bavariya”nın yetirməsidi. O, 2007-ci ildən Münhen klubunun əsas komandasında oynamağa başlayıb. 2008-ci ildə müdafiəçi “Borussiya”ya icarəyə verilib və bir il bu komandada oynadıqdan sonra, Münhenə qayıdıb. 2010-cu ildə Dortmund klubu Almaniya millisinin üzvünü 4,2 milyon avroya transfer edib. 2016-cı ildə isə “Bavariya” 35 milyon avro təzminatla yetirməsini geri qaytarıb. 3 illik fasilədən sonra “Borussiya” yenə sözügedən futbolçunu heyətinə cəlb edib.
Hummels Dortmund klubunda indiyə qədər 300-dən çox oyun keçirib. O, bu komanda ilə 2 dəfə Almaniya çempionu olub, 1 dəfə ölkə kubokunu, 2 dəfə superkuboku qazanıb.
Bizi Facebook-da izləyin