“Bavariya” Qnabrini də itirdi – PSJ ilə oyundan öncə
Almaniya çempionu “Bavariya” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində Fransanın PSJ klubuna qarşı keçirəcəyi ilk oyun öncəsi daha bir futbolçusunun xidmətindən məhrum olub.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçisi Serj Qnabri bu vacib oyunda komandasına kömək edə bilməyəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə Qnabrinin koronavirusa yoluxduğu diqqətə çatdırılıb. Karantinə alınan 26 yaşlı oyunçunun durumunun qənaətbəxş olduğu və özünü yaxşı hiss etdiyi bildirilib.
Xatırladaq ki, “Bavariya” daha öncə əsas hücumçusu Robert Levandovskinin xidmətindən məhrum olmuşdu. Bundesliqa təmsilçisinin bombardiri zədə səbəbindən parislilərə qarşı oynaya bilməyəcək.
Qeyd edək ki, “Bavariya” – PSJ oyunu aprelin 7-də keçiriləcək.
Bizi Facebook-da izləyin