“Bavariya” karantin qaydalarını pozan futbolçusunu cəzalandırdı
Almaniya çempionu “Bavariya” koronavirus pandemiyası səbəbindən elan olunan karantin qaydalarını pozan futbolçusu Jerom Boatenqi cəzalandırıb.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisi təcrübəli müdafiəçiyə pul cəriməsi tətbiq edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma cərimənin məbləği açıqlanmayıb. Sadəcə, həmin pulun Münhendəki xəstəxanalardan birinə veriləcəyi bildirilib.
Qeyd edək ki, Boatenq bir neçə gün öncə klubundan xəbərsiz Münhen şəhərini tərk edib. Bununla da o, Almaniyada tətbiq olunan karantin qaydalarını kobud şəkildə pozub.
Almaniya mətbuatına açıqlama verən 31 yaşlı futbolçu cəzası ilə bağlı bunları söyləyib: “Klubumu xəbərdar etməməyim şübhəsiz ki, çox böyük bir xəta idi. Ancaq o anda ağlımda sadəcə, oğlum var idi.
Onun üçün hər bir cəzanı qəbul etməyə hazıram”.
Bizi Facebook-da izləyin