“Başqa yığmadan və İtaliyanın iki klubundan təklif almışdım” – De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi müqaviləsinin müddətini uzatması ilə bağlı “Tribalfootball” nəşrinə açıqlama verib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis başqa təkliflərinin də olduğunu deyib:

“Başqa təkliflər də almışdım. Biri başqa yığma komandadan, ikisi isə İtaliya klublarından idi”.

O, 2024-cü il Avropa çempionatının seçmə mərhələsi ərəfəsində milli komandada işləməyə davam etmək istədiyini bildirib:

“Püşkatmada Albaniya kimi bəxtimiz gətirmədi. Bu, daha əvvəl, AÇ-2016-da da başıma gəlmişdi. Albaniyanın baş məşqçisi olduğum dönəmdə seçmə mərhələdə çətin qrupa düşmüşdük, amma final mərhələsinə vəsiqə qazanmışdıq. Ümid edirəm ki, bu dəfə də eyni şeyi edəcəyik. Lakin buna nail olmaq çox çətin olacaq”.

Azərbaycan millisi üçün bütün matçların çətin keçdiyini söyləyən De Byazi, Estoniyadan başqa, qrupdakı digər rəqiblər haqqında danışıb:

“Belçika böyük ulduz futbolçuları olan, FİFA reytinqində birinci pillədə qərarlaşan komandadır. İsveçin oyunçuları isə Avropanın ən yaxşı liqalarında çıxış edirlər və fiziki cəhətdən güclü yığmadır. Avstriya kollektivi təkcə David Alabadan ibarət deyil. Bundesliqada mübarizə aparan digər oyunçuların toplaşdığı güclü komandadır. Əksər oyunçuları yerli çempionatda çıxış edən komandam üçün bu, çox çətin məsələdir. Ancaq bununla təslim olduğumuzu demirəm. Matçlarımızı keçirəcək, məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

İtaliyalı baş məşqçi Azərbaycan Premyer Liqasının səviyyəsinin getdikcə artdığı bildirib:

“Azərbaycan çempionatının səviyyəsi ildən-ilə yaxşılaşır, güclü futbolçularımız var. Yeganə problem odur ki, seçə biləcəyimiz oyunçuların sayı çox deyil. Builki çempionat 10 komandanın iştirakı ilə keçirilir və bu klublarda 7 oyunçu əcnəbidir. Hər komandadan 4 oyunçu seçmək imkanım var ki, bu da ümumilikdə 40 nəfər deməkdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button