“Başlanğıc üçün bir xal da pis nəticə deyil”

“İsveçlə oyunda iki dəfə hesabda önə keçsək də, diqqətsizlikdən qollar buraxdıq və məğlub duruma düşdük”.

Komanda.az xəbər verir ki, bunu Azərbaycan futzal millisinin üzvü Ülvi Əliyev AÇ-2026-nın əsas mərhələsində qarşılaşdıqları İsveçlə oyun barədə danışarkən deyib.

Əliyev Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında azarkeşlərə təşəkkür edib:

“İsveçlə oyunda bizə inanan və dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Zalda gözəl atmosfer yaratmışdılar, gücümüzə güc qatdılar.

Oyuna gəlincə, meydana çıxan hər birimiz əlimizdən gələni etdik ki, seçmə mərhələyə qələbə ilə başlayaq. İki dəfə hesabda önə keçsək də, diqqətsizlikdən qollar buraxdıq və məğlub duruma düşdük. Ancaq son saniyəyə qədər oyun ritmini saxladıq, intizamı qoruduq, inandıq, mübarizə apardıq, xarakter göstərdik və bunun nəticəsi kimi də final fitinə iki saniyə qalmış bərabərlik qolunu vurduq. Xüsusilə, ikinci hissədə daha çox qol epizodu yaratdıq. Təəssüf ki, epizodları dəyərləndirə bilmədik. Halbuki qələbə layiq idik. Məncə, başlanğıc üçün bir xal da pis nəticə deyil”.

Futzalçı qarşıya qoyulan məqsədlərdən də danışıb:

“Hazırda milli yenidən formalaşdırılır. Buna baxmayaraq, qarşımıza mümkün qədər çox xal toplamaq və üst sıralarda qərarlaşmaq tapşırığı qoyulub. Baş məşqçimiz Vitali Borisov da nələrə diqqət etməli olduğumuzu hər zaman başa salır. Ümid edirəm ki, yekunda istəyimizə çatacağıq”.

Ötən gün Bakı İdman Sarayında baş tutan Azərbaycan – İsveç görüşü 3:3 hesabı ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button