Başını dik tut, Nicat!
Vüsal “Aydın” Qəmbərov
Torontoda Namizədlər Turniri oynanılır. Fəxrimiz Nicat Abbasov və onun yaxın dostu, həm də bir növ tələbəsi Nurgül Səlimova ingilislər demiş, “Underdog” olaraq dünya şahmat tacı uğrunda yarışırlar. 11-ci tur oynandı və görünən odur ki, Nicat sonuncu olacaq, Nurgül isə hazırda sonuncu yerdə gedir və yəqin ki, son iki yerdən birini tutacaq.
Bu turnirdəki nəticəyə görə nə onları qınamağa, nə də onların özünü pis hiss etməsinə ehtiyac var. İdmanda nəticələrə doğru yanaşma ilə baxmaq və prosesə fokuslanmaq lazımdır. Ötən mövsüm 17-ci yerdə gedərkən Xabi Alonsoya tapşırılan “Bayer” Bundesliqa tarixindəki ilk çempionluğu keçən həftə qazandı.
İdmanda uğur və uğursuzluq ancaq azarkeşlər üçün var. İdmançıların özü üçün isə bu bir səyahətdir və məqsəd hər zaman özünün daha yaxşı halına çatmaq olmalıdır.
Qayıdaq mövzuya.
Bəs Nicat və Nurgül ora necə gedib çıxdılar?
Bakıda keçirilən dünya kubokundakı nəticələrlə (Nicat 4-cü, Nurgül 2-ci olmuşdu).
Nicat özü möhtəşəm performansla yarımfinala qədər gəlib çıxmış, Karlsenə uduzmuş və üçüncü yer uğrunda oyunda Karuananı udduqdan sonra təzyiqə tab gətirməyib, tay-brekdə bürünc medalı əldən vermişdi. Onun turnirə hazırlaşdırdığı Nurgül isə hamını şoka salaraq finala qədər yüksələ bilmişdi. Bu yarışın nəticəsinə görə hər ikisi FİDE reytinqində rekord göstəricilərinə nail olmuşdular.
Mən bu hadisədən çıxarmalı olduğumuz tamamilə fərqli bir dərs olduğunu düşünürəm.
Namizədlər Turniri liqa sistemi ilə oynanılır. 8 şahmatçı iki dövrədə, cəmdə 14 turda bir-biri ilə görüşürlər. Dünya kuboku isə pley-off sistemi ilə oynanılır. Püşk kimin kiminlə düşəcəyini müəyyən edir və hər iki tərəf ağlarla bir klassika oyunu oynadıqdan sonra tay-breklə qalib müəyyən olunur.
Düzdür, dünya kubokunda açıq yarışı dünya şahmatının kralı Karlsen, qadınların yarışını isə Qoryaçkina kimi favorit şahmatçılar götürdü nəticədə. Amma yarımfinallarda, yuxarıda dediyim kimi, Nurgül və Nicat özünə yer tapa bildi.
Pley-off və liqa formatı sürətli və dayanıqlı uğurları təmsil edir. Birincidə bəxt, rəqibin o ankı psixoloji durumu, anlıq faktorlar çox böyük təsirə sahib olsa da, uzunmüddətli gedilən yol və oyun nəticəsində müəyyən edilən qalib daha ədalətli, daha dayanıqlı faktorlarla müəyyən olunur. Liqa formatında hər bir komanda digər bütün namizədlərlə üz-üzə gəlir və onları sınamalı olur. Bəli, biz o bir dənə, əlahiddə “final oyunu”nu sevirik. Ordakı coşqu və təntənəni istəyirik, amma halbuki həyatda final oyunu yoxdur. “Bayer” Bundesliqada çempionluğa “Verder”i udaraq yox, ondan öncəki 28 oyunda “Bayern”dən aşkar üstün olaraq, heç kimə məğlub olmamaqla nail oldu.
Mənim idmana baxışım deyir ki, Nicat dünya kubokundakı uğurlarına görə təriflənsə və təbrik edilsə də, Namizədlər Turnirində özündən ortalama 100+ daha yüksək reytinqli 7 “əjdaha” ilə iki həftədə mübarizə aparmaq sayəsində daha da böyüyəcək və güclənəcək. Əslində, əsas təbrikə bu prosesdən faydalanmağı bacararsa layiq olacaq.
Başını dik tut, Nicat!
Bizi Facebook-da izləyin