“Başakşəhər” iki oyunçusu ilə vidalaşdı
Türkiyənin “Başakşəhər” klubu portuqaliyalı müdafiəçisi Migel Vyeyra ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 31 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Migel Vyeyra 2019/20 mövsümünün əvvəlindən “Başakşəhər”də çıxış edirdi. Lakin İstanbul klubunda möhkəmlənə bilməyən futbolçu “Volfsberger” və “Vaasland-Beveren”ə icarəyə verilmişdi.
“Başakşəhər” Kabo Verdedən olan müdafiəçisi Karlos Ponku da “Rizəspor”a icarəyə göndərib. 27 yaşlı futbolçu bu mövsümün sonunadək Rizə təmsilçisinin uğurları üçün çalışacaq.
Karlos Ponk 2019-cu ildən “Başakşəhər”də forma geyinir. Kabo Verde yığmasında da oynamış futbolçu daha öncə “Aves”, “Çaves”, “Benfika”, “Pasuş de Ferreyra və “Farense” klublarının uğurları üçün çalışıb.
Bizi Facebook-da izləyin