“Kəpəz” rəsmisi: “Məğlubiyyətlər bizi yolumuzdan döndərə bilməz” – MÜSAHİBƏ

“Kəpəz” klubunun icraçı direktoru Cabir İbrahimovun Komanda.az saytına müsahibəsi:

  • Çempionat yeni başlayıb və komandanız ardıcıl iki matçdır məğlub olur. Bu barədə nə düşünürsüz?
  • Komandamız ölkəmizi avrokuboklarda təmsil edən daha hazırlıqlı rəqiblərlə oynayıb. Belə klublar adətən daha tez hazırlıq prosesinə başladıqlarından, çempionatdakı rəqiblərindən bir addım öndə olurlar. Təbii ki, bu məqam heç bir halda bizim məğlubiyyətlərimizə haqq qazandıra bilməz. Komandamız yenidən formalaşır. Ötən mövsümkü heyətdən 80 faiz futbolçular “Kəpəz”i tərk etdilər. Yenilərin kollektivə uyğunlaşması vaxt aparan bir işdir. Bunu başa düşmək çətin olmamalıdır.
  • Bu cür startı gözləyirdiz?
  • Bu cür startı heç kim istəməzdi. Amma futbolda belə şeylər çox olur. Çox vaxt istədiyin nəticələri əldə edə bilmirsən. Məğlubiyyətlər bizi yolumuzdan döndərə bilməz. Komandanın qarşısında hədəf var, onu reallaşdırmaq üçün oynayacaq.
  • Konkret, məğlubiyyətlərin kökündə nə dayanır?
  • Məğlubiyyətin nədən baş verdiyini ilk sualda bildirdim. Komandamız yenidən qurulur, yeni gələnlər çoxdur. Biz demək olar ki, hər mövsüm yenidən komanda qururuq. Büdcəmizə görə əksər futbolçuları sıralarımızda saxlaya bilmədik. Onlar qalsaydı və bu cür nəticələr baş versəydi, ciddi düşünməli olardıq. İndiki məqamda komandaya formalaşmaq üçün vaxt lazımdır.
  • Komandanızın oyunu sizə ümid verirmi ki, zamanla nəticələr düzələcək və daha yaxşı olacaq?
  • Komandanın oyununun inkişaf etməsi, bizim arzuladığımız nəticələrin olması üçün zamana ehtiyac var. Baş məşqçimiz ötən mövsüm nəyi bacardığını göstərdi. Əla komanda formalaşdırmışdı, Adil Şükürova yenə inamımız böyükdür.
  • Bu nəticələrdən sonra Adil Şükürovla danışığınız olub?
  • Adil Şükürovla hər gün görüşüb müzakirələr aparırıq. Davamlı təmasdayıq, o da bizim kimi nəticələrdən məyusdur. Vəziyyəti dəyişmək üçün çalışır.
  • Baş məşqçiyə hansısa tapşırıq və ya təlimat vermisiz?
  • Baş məşqçimiz nəyi necə etməyi daha yaxşı bilir. Mövsümün əvvəlində komandanın qarşısında Premyer Liqada qalmaq vəzifəsi qoyulub. Bunu da bacaracağımıza inanırıq.
  • Sponsor məsələsi nə yerdədir?
  • Sponsor məsələsi ilə bağlı yenilik yoxdur. Təəssüf ki, komandamız bu mövsümə də sponsorsuz başlayıb.
  • Transfer pəncərəsi bağlanana qədər hansısa mövqeyə oyunçu dəvət etməyi düşünürsüz?
  • Transfer məsələsi baş məşqçimizin sərəncamında olan işdir. Bəlli büdcə çərçivəsində bu sahədə fəaliyyətimiz davam edir.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button