Baş katibin ağ yalanı

Hüseyn Cəbrayıloğlu

Komanda.az saytı üçün sonuncu dəfə nə vaxt yazdığımı özüm də unutmuşam. Bu zaman aralığında bir xeyli mövzu ağlımdan keçsə də, futbol təssərüfatında dəyişməyən problemlər, rəhbər-kadr yanaşmaları bilgisayara yaxın durmağa imkan verməyib. Nə qədər yazarlar, deyərlər?

Amma idman mətbuatında həmişə olduğu kimi ümumi bir nikbinlik var. Cari mövsümdə Premyer Liqadan əlavə, iki liqanın da yaradılması əsl toy-bayram havası yaradıb. Cəlb olunan komandaların həftədə neçə dəfə məşq etmək imkanının olması, yaş ortalaması, digər vacib qayğılar arxa plandadır. Məmmədin bazarda piştaxta arxasından durub axşamüstü matça yetişməsi onun ölkə futboluna nə verəcəyi kimi əsas sualı arxa plana atıb. Əsas odur liqalarda bir neçə rayon, bölgə təmsil olunub və 70-ci illərdə olduğu kimi, kəmiyyət, “urra” şüarları var. Heç baş katibin məşhur “Liqalara komandalar buraxılarkən futbol infrastrukturu nəzərə alınıb” açıqlaması fonunda Lerikin təmsil olunmayan Lənkəranın futbol infrastrukturundan istifadə etməsi də kimsənin tükünü tərpətmədi.

Yeri gəlmişkən, bu məsələ haqqında sosial şəbəkə hesabımda tez-tez atmaca dolu statuslar yazmağıma da aydınlıq gətirim. Mən nəinki Lerikdə, bütün rayonlarımızda futbol komandalarının olmasını canı-dildən arzulayır və dəstəkləyirəm. Amma xüsusi əda, intonasiya ilə danışan Sərxan Hacıyevin infrastruktur məsələsində ağ yalan danışdığına da bundan gözəl isbat tapa bilmirəm. Di gəl ki, Lənkəran kimi futbol şəhərinin hər iki liqadan kənarda qalması çox az, barmaqla sayılacaq qədər mətbuat nümayəndəsinin ürəyini sızladıb və o azsaylı həmkarlardan biri AFFA-nın baş katibinə “Lənkəran niyə yoxdur” sualını verməyə cəsarət edib. Hələ də sual müəllifinin kimliyini bilmədiyim üçün buradan bütün Lənkəran camiəsinin adından ona təşəkkür edirəm. Hər nə qədər “Elxan Məmmədovun kadrları hələ də AFFA-da qaldığı üçün Sərxan Hacıyevə daha böyük işlər görməyə imkan vermir” fikrini yayanlar, yazanlar olsa da, Bakıdan uzaqda olan mən də, yaxınlarda vəfat edən, bazarda sürdüyü araba ilə qazandığı 20 qəpikləri toplayıb “Xəzər Lənkəran”ın ev oyunlarına bilet alan arabaçı Mirzə kişi də gözəl bilirdi ki, Sərxan Hacıyev Elxan Məmmədovun öz yerinə qoyduğu ən yaxın adamıdır.

Bizim üçün isə Sərxan Hacıyev qüvvə, maneə deyil. Biz, yəni Lənkəran camiəsi gözəl bilir ki, şəhəri futbolsuz qoyan federasiya rəhbəri Rövnəq Abdullayevdir. Danışarkən ikinci cümləsini heç bir halda qura bilməyən Abdullayev öz kiçik dünyasında dərk edə bilmir ki, Lənkəran futbolu demək Mübariz Mənsimov demək deyil. Lənkəran futbolu Mənsimovdan əvvəl də olub və tarixi uzaq 19-cu əsrə, “Əlbəxçaton məhəlləsi”nə gedib çıxır.

İndi Lənkəranda futbolla yaşayan insanlar günləri sayır. Deyilənə görə, növbəti il AFFA-da prezident seçkisi olacaq və Rövnəq Abdullayevin yenidən prezident təyin olunması o qədər də real deyil. Yerinə kim gələcək, bilmirəm. Amma gələn adam “Lənkəranda futbol, cənub bölgəsində futbolun yaşaması deməkdir” faktını anlasa, dərk edib real iş görsə, demək ki, iş görməyə, futbolu dirçəltməyə gəlib. Ölkənin ən böyük tribunasını görməzdən gələn heç bir futbol adamına inanmaq, güvənmək, ümid etmək olmaz.

Biz günləri sayırıq, deyirlər martda dəyişiklik olacaq. Mirzə kişinin, irlandların dünya futboluna yenilik kimi gətirdiyi “çəpik şousu”nu hələ 11 il əvvəl Lənkəran tribunasında yaradan amiqo Kamranın ruhu şad olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button