Baş katib: “İkinci divizion klublarının hər birinə dəstək üçün 50 min manat nəzərdə tutulub”
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasdan sonra AFFA-nın baş katibi Sərxan Hacıyev jurnalistlərə açıqlama verib. Federasiya rəsmisi bütün liqalarda idman prinsiplərinin qorunacağını bildirib:
“Azərbaycan Premyer Liqasında, 1-ci və 2-ci divizionda növbəti mövsüm də idman prinsipləri qorunacaq. Növbəti ildə hər üç çempionatı bir komanda tərk edəcək və əvəzinə yenisi gələcək. Hazırda 1-ci və 2-ci divizionun formatı üzərində işlər davam edir. Peşəkar Futbol Liqasının rəhbərliyi ilə müzakirələr aparırıq. 1-ci divizionda 10, 2-ci divizionda isə 12 komanda olacaq. Artıq iştirakçılar da məlumdur, bu gün rəsmi saytda açıqlayacağıq. İkinci divizionun statusu yarım-peşəkar olacaq və burada legioner futbolçuya icazə verilməyəcək. Birinci divizionla bağlı hələlik qərar verilməyib. İcazə verilsə belə, çox az sayda olacaq. İkinci divizion klublarının hər birinə dəstək üçün 50 min manat nəzərdə tutulub. Birinci divizon üçün 300 min manat pis rəqəm deyil. Bunun dəyişdirilməsi planlaşdırılmır. Komandalar yalnız bu məbləği gözləməməlidirlər. Özləri də sponsorlar cəlb etməkdə maraqlı olmalıdırlar”.
Hacıyev Premyer Liqada əvəzetmə sayı ilə bağlı da danışıb:
“Daha əvvəl oyun vaxtı beş əvəzetmənin mütləq üçü yerli, ikisi isə legioner olmalı idi. Artıq bu da aradan qaldırıldı. Beş legioneri eyni vaxtda oyuna daxil etmək mümkün olacaq”.
Baş katib Premyer Liqa və Azərbaycan kuboku matçlarının yayım hüququna görə klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı vasitəsilə tənzimlənməsinin müzakirə olunduğunu, lakin hansısa qərarın qəbul edilmədiyini deyib:
“İclasda bu məsələnin daha detallı araşdırılması tapşırıldı”,
O, Region Liqası turnirinin də qalacağını söyləyib:
“Orada çempion komanda 2-ci diviziona yüksələcək. Hazırda bunun da üzərində işlər gedir. Burada pley-off da gerçəkləşə bilər”.
Hacıyev sonda Premyer Liqaya vəsiqə qazanan “Araz Naxçıvan”la danışıq aparıldığını diqqətə çatdırıb:
“Klubun qarşısına stadionla bağlı müəyyən tələblər qoyulub”.
Bizi Facebook-da izləyin