“Barselona”nın sabiq futbolçusu yenidən La Liqada
İspaniyanın “Hueska” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Everton” klubunun hücumçusu Sandro Ramiresi, eləcə də Lissabon “Sportinq”inin yarımmüdafiəçisi İdrissa Dumbiyanı heyətinə qatıb.
Bu barədə “Hueska”nın rəsmi saytı məlumat yayıb. Sandro Ramires azad agent kimi transfer olunub və yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. İdrissa Dumbiya isə mövsümün sonuna qədər icarəyə götürülüb.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan, 2016-cı ilədək məhz Kataloniya təmsilçisində forma geyinmiş Sandro, bir mövsüm “Malaqa”da oynadıqdan sonra 2017-ci ildə “Everton”a transfer olunmuşdu. Lakin ispan forvard Premyer Liqa klubunda möhkəmlənə bilmədiyi üçün “Sevilya”, “Real Sosyedad” və “Valyadolid” klublarında icarədə oynamaq məcburiyyətində qalıb.
Dumbiya isə “Anderlext”in yetirməsidir. O, Belçikada “Sulte-Varegem”in də uğurları üçün çalışıb. 2018/19 mövsümünü Rusiyanın “Axmat” klubunda keçirmiş 22 yaşlı futbolçu, “Sportinq”ə 2019-cu ildə transfer olunub.
“Hueska” bu transferlərlə yanaşı, öz oyunçularından Xonatan Toro və Xoakin Munyozu icarəyə göndərib. 23 yaşlı hücumçu Xonatan “Tondela”ya, 21 yaşlı yarımmüdafiəçi Munyoz isə “Malaqa”ya icarəyə verilib.
Bizi Facebook-da izləyin