
“Həmin gün anladım ki, futbolda heç nə mümkünsüz deyil”
“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano KONKAKAF kubokunun yarımfinal mərhələsində “Vankuver”ə qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında sabiq “Barselona”lı oyunçuların təcrübəsinin komandaya kömək edəcəyini bildirib.
Maskeranonun komandası ilk oyunda 0:2 hesabı ilə məğlub olub.
Komanda.az xəbər verir ki, argentinalı çalışdırıcı mətbuat konfransında futbolun sürprizlərlə dolu olduğunu və imkansız görünən ssenarilərin belə, gerçəkləşə biləcəyini vurğulayıb.
O, 2017-ci ildə “Barselona”nın UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ üzərində qazandığı tarixi 6:1 hesablı qələbəni xatırladıb. Həmin dueldə Kataloniya təmsilçisi ilk oyunda 0:4 hesabı ilə məğlub olmuşdu:
“Biz o vaxt demək olar ki, mübarizədən kənar qalırdıq, amma sona qədər döyüşdük və möcüzə baş verdi. Həmin gün anladım ki, futbolda heç nə mümkünsüz deyil. İndi isə yanımda o qələbəni mənimlə birgə yaşamış dörd futbolçu – Lionel Messi, Serxio Buskets, Jordi Alba və Luis Suares var. Onlar bu təcrübəni komanda yoldaşlarına ötürə bilərlər.
Bəli, indi fərqli bir turnirdəyik, fərqli bir rəqib və şərait var. Amma bu cür vəziyyətlər bizə bir daha nəyəsə nail olmaq imkanı verir”.
Bizi Facebook-da izləyin