“Barselona” tarixinin ən rüsvayçı məğlubiyyəti: Ölüm təhdidi, diktatorun qəzəbi FOTO

Hazırda dünya futbolunda dəbi müəyyənləşdirən klublar haqda danışarkən, ağıla ilk olaraq “Real”la “Barselona” gəlir. Bu komandaların İspaniya La Liqasındakı rəqabəti təkcə ispanlar üçün deyil, bütün dünyadakı futbolsevərlər üçün də maraqlıdır. Hər iki klubun dünyanın müxtəlif ölkələrində milyonlarla azarkeşləri var.

Son illərdə “Real” Çempionlar Liqasında uğurlu çıxışı ilə seçilsə də, La Liqada üstünlük “Barselona”dadır. Amma elə bir dövr olub ki, katalonlar “kral klubu”na 1:11 hesabı ilə də məğlub olub.

İspaniya diktatoru Frankonun şərəfinə keçirilən “Copa del Generalisimo”da (hazırkı Kral kuboku yarışı) “Barselona” ilk matçda əzəli rəqibini evdə 3:0 hesabı ilə məğlub edir. Bu isə Kataloniyanı və katalonları sevməyən, hətta onlara nifrət edən diktator Frankonun qətiyyən xoşuna gəlmir. “Barsa” diktatorun şərəfinə keçirilən yarışda “kral klubu” adlanan “Real”ı mübarizədən uzaqlaşdırsaydı, Franko bunu yəqin ki, özü üçün rüsvayçılıq sayacaqdı.

Tarix 13 iyun, 1943-cü il. “El klasiko”lar tarixinin ən böyük fərqli hesabla bitən oyunu məhz həmin gün baş tutur. “Barsa” ilk matçda 3:0 hesabı ilə məğlub etdiyi “Real”la cavab qarşılaşmasına çıxır. Madriddə keçirilən oyunu izləməyə Franko da gəlir. İddialara görə, oyundan əvvəl polislər və əsgərlər Kataloniya komandasının paltardəyişmə otağına girirlər, silahları futbolçulara qarşı çevirərək, onları məğlub olmayacaqları halda ölümlə təhdid edirlər. Ölüm təhdidləri altında meydana çıxan “Barselona”nın futbolçuları tarixlərinin ən rüsvayçı məğlubiyyətini yaşayırlar – 1:11.

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button