
“Barselona” Messiyə olan borcunu ödəyib
“Barselona”nın maliyyə vəziyyəti tədricən yaxşılaşmağa başlayıb.
Komanda.az “Sport”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 2020-ci ildə – pandemiya dövründə maaşlarının ödənilməsini təxirə salmağa razılaşan futbolçulara olan son borcunu da bağlayıb.
Sonuncu ödənişin məbləği 16 milyon avro təşkil edib. Bu vəsait Lionel Messi, Filipp Koutinyo, sabiq baş məşqçi Ronald Kuman və digər şəxslərə çatıb.
Messi “Barselona”dan 2021-ci ildə ayrılmışdı. Klubun ciddi maliyyə problemləri səbəbindən onunla yeni müqavilə bağlamaq mümkün olmamışdı. O, bunun ardından PSJ-yə keçdi və orada iki mövsüm çıxış etdikdən sonra “İnter Mayami”yə transfer olundu.
Argentinalı futbolçunun ABŞ klubu ilə müqaviləsinin müddəti bu ilin sonuna qədərdir.
Bizi Facebook-da izləyin