
“Barselona” UEFA ilə razılaşıb: Cəzası yüngülləşə bilər
UEFA “Barselona”ya tətbiq etməyi planlaşdırdığı 60 milyon avro məbləğində cəriməni azaltmağa hazırdır.
Komanda.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
Əvvəllər bildirilmişdi ki, UEFA Kataloniya klubunu maliyyə hesabatlarındakı uyğunsuzluqlara görə cəzalandırmaq niyyətindədir. Söhbət klubun qeyri-ənənəvi gəlir mənbəyi sayılan maliyyə qollarından (leverlərdən) istifadə etməsindən gedir. UEFA bu maliyyə manevrlərini gəlir kimi qəbul etmir, halbuki La Liqa rəhbərliyi bu vəsaitləri standart gəlir hesab edir.
“Barselona”nın prezidenti Xuan Laporta ilə UEFA rəhbəri Aleksander Çeferin arasında baş tutan görüşdən sonra tərəflər ilkin razılıq əldə ediblər. Razılaşmaya əsasən, cərimənin həcmi təxminən üç dəfə azaldıla bilər. Ancaq bunun üçün klub qarşıdakı üç il ərzində maliyyə intizamına ciddi şəkildə əməl etməlidir.
Tələblər arasında büdcə balansının qorunması, xərclərə nəzarət və maaş fondunun qeyri-standart maliyyə alətləri olmadan tənzimlənməsi yer alır. Maliyyə nəzarəti La Liqa standartlarına uyğun şəkildə həyata keçiriləcək. Klub bu şərtləri pozarsa, o zaman tam cərimə – 60 milyon avro qüvvəyə minəcək. UEFA əlavə sanksiyalar da nəzərdən keçirir. Bunlara avrokuboklara təqdim ediləcək iştirak ərizəsinin məhdudlaşdırılması və ya turnir cədvəlindən xal silinməsi kimi tədbirlər daxildir.
Bizi Facebook-da izləyin



