“Bakıya mərhələ adlamaq üçün gəlmişik”
Kiprin “Aris” komandasının baş məşqçisi Aleksey Şpilevski Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu matçdan gözləntilərimiz böyükdür. İlk qarşılaşma bizim üçün yaxşı motivasiyadır. Amma ilk görüşün nəticəsi bizi aldatmamalıdır. “Neftçi” sabah meydana böyük motivasiya ilə çıxacaq. Növbəti mərhələ haqqında danışmaq tezdir. Yalnız sabahkı qarşılaşmanı düşünürük. Rəqib doğma fanatları qarşısında iki və daha çox qol vurmağa çalışacaq. Buna imkan vermək istəmirik. Bizi çətin oyun gözləyir”.
Baş məşqçi Matiya Şpolyariçin “ağ-qaralar”a qarşı görüşü buraxacağını xatırladıb: “Futbolda belə şeylər olur. Buna hazır olmalıyıq. Onun yoxluğu bizə çətin olacaq. Meydana çıxacaq bütün oyunçulara inanıram”.
Şpilevski rəqib haqqında çox danışmaq istəmədiyini söyləyib: “Bu, həmkarıma qarşı hörmətsizlik olar. Mən öz komandamı düşünürəm və yalnız bu barədə danışa bilərəm”.
Mütəxəssis hələlik növbəti mərhələ haqqında düşünmədiyini vurğulayıb: “Yalnız sabahkı matçı fikirləşirəm. Futbol tarixində geridönüşlər çox olub. Bakıya mərhələ adlamaq üçün gəlmişik. İstənilən nəticəyə hazırlıqlı olmalıyıq”.
“Aris”in müdafiəçisi Delmiro Nasçimento isə mətbuat konfransında bunları dilə gətirib:
“Rəqib öz meydanında çıxış etdiyi üçün bizə çətin olacaq. Əsas məqsədimiz qələbə qazanmaqdır. Komandada ab-hava yaxşıdır. Bir az həyəcan var. Amma biz sabahkı matça hazırıq”.
Bizi Facebook-da izləyin