“Bakıdakı oyunda göstərdik ki, biz futbol oynaya bilirik” – Mutu
“Neftçi”nin baş məşqçisi Adrian Mutu Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Beşiktaş”la cavab qarşılaşmasından öncə mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, qarşılaşmadan öncə bunları deyib:
“Əlbəttə, bizi çətin oyun gözləyir. Belə oyunlar oynamaq komanda üçün yaxşıdır. 2 qol fərqini aradan qaldırmalıyıq. Sabah çalışacağıq ki, bunun öhdəsindən gələk.
“Beşiktaş”la rəqib olanda hamı bizim uduzacağımızı proqnozlaşdırmışdı. Futbolda hər şey mümkündür. İlk oyunda uduzmuşuq, bəli. Sabahkı oyunda çalışacağıq ki, azarkeşlərə yaxşı futbol nümayiş etdirək və rənglərimizə hörmətlə yanaşaq. Normalda belə rəqiblərlə Çempionlar Liqasında üz-üzə gəlirsən, Avropa Konfrans Liqasında yox.
Heyətdə böyük dəyişikliklər yoxdur. Yeni transferlərin ediləcəyi gözlənilir. Heyətimiz kasaddır. Son oyunların ritminə də fikir verməliyik. Normalda həm avrokuboklarda, həm də Premyer Liqada çıxış etmək üçün yaxşı heyətə sahib olmaq lazımdır. Çalışırıq ki, düşdüyümüz vəziyyətdən yaxşı formada çıxaq. “Səbail”lə oyundan sonra bərpa məşqi üçün 1 gün vaxtımız oldu. Ondan sonra ilk dəfə bu gün meydançada məşqə çıxacağıq. 5-ci gün Bakıya gedəcəyik və “Sabah”la oyuna hazırlaşacağıq.
Məncə, keçən oyunun birinci hissəsində komandam əlindən gələni edirdi. Lakin istəyirəm ki, onlar daha yaxşı və güclü çıxış etsinlər. Sabah öz üslubumuzda oynamağa çalışacağıq. Bunu inkişaf etdirmək üçün hər zaman eyni formada çıxış etmək mütləqdir.
Heyətə baxsanız, çoxlu oyunçularımızın olmadığını görərsiniz. Hansı heyətlə çıxacağımızı təxmin edə bilərsiniz. Rəqibimizin heyəti genişdir. Gələcəkdə biz də geniş heyətə sahib olsaq, uğurlu və fərqli nəticələrə imza ata bilərik. Gənc oyunçularımız da çoxdur. İki qol fərqini aradan qaldırmaq üçün təcrübəli futbolçuların xidmətindən yararlanmalıyıq. Bizim üçün heç də asan olmayacaq.
Futbolçu karyeramda hesabda geriyə düşməyimizə baxmayaraq, sonda uğurlu nəticə qazandığımız oyunlar çox olub. Belə oyunlarda hər qol vacibdir. 1-ci oyunda buraxılan səhvləri 2-ci oyunda düzəltmək lazımdır. Keçən oyunun ikinci hissəsində göstərdik ki, biz futbol oynaya bilirik”.
Xatırladaq ki, Bakıda keçirilən ilk oyun İstanbul təmsilçisinin 1:3 hesablı qələbəsi ilə bitib.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin