Bakıdakı DÇ-də daha 2 çəkidə qaliblər müəyyənləşdi
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının 4-cü yarış günü başa çatıb.
Komanda.az xəbər verir ki, günün yekununda daha 2 dəst medal öz sahibini tapıb.
Kişilər arasında 63 kq çəkidə dünya çempionu tituluna Hakan Recber (Türkiyə) layiq görülüb. O, finalda Banlunq Tumtimdanqı (Tailand) məğlub edib. Bürünc medallara Xuan Jorquera Sala (İspaniya) və Karlos Navarro (Meksika) yiyələniblər.
Qadın taekvondoçular arasında +73 kq-ın ən güclüsü Nafiya Kuş (Türkiyə) olub. Gümüş medalı Sevetlana Osipova (Özbəkistan) əldə edib. 3-cü yeri isə Kristina Adebayo (Dünya Taekvondosu) və Blanka Kuk (Böyük Britaniya) tutub.
Beləliklə, 16 dəst medaldan 10-u artıq öz sahibini tapıb. İyunun 4-dək davam edəcək yarışın növbəti hər bir günündə 2 çəkidə döyüşlər olacaq.
Xatırladaq ki, bu gün mübarizəyə qoşulan Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov (63 kq) 1/8 finalda yarışla vidalaşıb.
Bizi Facebook-da izləyin