Bakıdakı daha bir Avropa çempionatı təxirə salındı
27 – 31 mayda Bakıda keçirilməsi planlaşdırılan kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatı təxirə salınıb.
Komanda.az Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Bakıdakı yarışla yanaşı, bir neçə turnir ləğv olunub.
Qitə çempionatı Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterlidir. Bildirilib ki, yeni tarixlərlə bağlı aprelin sonlarında ətraflı məlumat veriləcək.
Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov yarışları təxirə salınması ilə bağlı açıqlama verib: “Əsas narahatlığımız hər zaman gimnastların, onların yaxınlarının, azarkeşlərin və tərəfdaşlarımızın təhlükəsizliyi və rifahıdır. Mövcud vəziyyəti nəzərə alaraq, bu vacib hadisələrin təxirə salınmasının ən yaxşı variant olduğunu düşünürük”.
Qeyd edək ki, daha öncə 17 – 19 aprelə nəzərdə tutulan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir ləğv edilib, 24 – 26 apreldə Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Dünya Kubokunun vaxtı dəyişdirilib. Martda Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku isə koronavirusa görə yarımçıq dayandırılıb.
Bizi Facebook-da izləyin