Bakıdakı beynəlxalq yarışda Azərbaycanı bu gimnastlar təmsil edəcək
Martın 3-də Bakıda start götürəcək akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları üçün Azərbaycan milli komandasının heyəti bəlli olub.
Komanda.az xəbər verir ki, dörd gün davam edəcək yarışda Rəsul Seyidli, Rəvan Zeynallı, Nəzrin Qasımova, Xanım Məmmədzadə, Milana Əliyeva, Nizam Xamidulin, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyeva, Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadə mübarizə aparacaq.
AGF-nin ilk dəfə təşkil edəcəyi yarışda ilkin qeydiyyat siyahısına əsasən 26 ölkədən 466 gimnastın iştirakı gözlənilir. İdmançılar 12 – 18 və 13 – 19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayacaqlar.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə Dünya Kubokuna ev sahibliyi edib.
Ötən il İsveçrənin Cenevrə şəhərində keçirilmiş 11-ci dünya yaş qrupları yarışları Azərbaycan təmsilçilərinin bürünc medal qazanması ilə yadda qalıb. Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanovadan (12 – 19 yaş qrupu) ibarət qadın qrupu qarışıq hərəkətlər proqramı üzrə final çıxışlarına görə fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Bu medal Azərbaycan gimnastika tarixində məhz Dünya Yaş Qrupları Yarışlarında qadın qrupu proqramında əldə olunan ilk nəticə olub. Həmin yarışda finala yüksələn Milana Əliyeva və Nizam Xamidulindən (12-19 yaş qrupu) ibarət qarışıq cütlük isə 5-ci olub.
Bakıda keçiriləcək yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkədə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.
Bizi Facebook-da izləyin