“Bakıda oturub məğlubiyyətimizi istəyənlər var idi” – Cavid Hüseynov
“Cəbrayıl” komandasının baş məşqçisi Cavid Hüseynovun Komanda.az saytına müsahibəsi:
- Cavid bəy, əvvəlcə UEFA Region Kubokundan danışaq. “Cəbrayıl” hər iki oyunda Belarusun “Kolos” komandasına uduzdu. Məğlubiyyətin əsas səbəbi nədir?
- Məğlubiyyətin əsas səbəbi 20 gün içində yeni komanda formalaşdırmaq idi. Çempion olduğumuz komandanın 95 faizi klubdan ayrılmaq məcburiyətində qaldı. Çünki bizim reqlamentlə UEFA-nın reqlamenti fərqli idi. Biz artıq bunu biləndə gec idi və vaxt azlığı imkan vermədi ki, müdafiəçi mövqeyində seçim edək. Məcburən yarımmüdafiəçilərdən müdafiə xəttini düzəltdik. Hətta sonradan bizə məlumat gəldi ki, maksimum 18 nəfər sifariş etməlisiz.
- “Cəbrayıl”ın hazırkı durumu sizi qane edir?
- Komamdamızın hazırkı durumuyla bağlı nəsə demək çətindir. Çox güman ki, yenidən Region Liqasında çıxış edəcəyik. Ən böyük problemimiz isə stadion olacaq. Gələcək hər şeyi göstərəcək.
- Məlumat var ki, “Şamaxı”nın baş məşqçisi olacaqsız. Doğrudur?
- Bu suala şərh vermək istəmirəm.
- Sosial şəbəkə hesabınızda belə bir yazı yazmısız: “Hürənlərə fikir verib qızıl vaxtınızı itirməyin, başınızı dik tutun və önünüzə baxın”. Bu sözləri deyərkən kimi və ya kimləri nəzərdə tutmusuz?
- Bəli, belə bir status yazmışdım. Çünki məğlubiyyətdən sonra qulağıma bəzi söz-söhbətlər çatdı. Bakıda oturub bizim məğlubiyyətimizi istəyənlər var idi. Hansı çətinliklərlə üzləşdiyimizi heç kim bilmir. 20 gün içində formalaşan komandadan hansı nəticə gözləmək olar ki? Düzdür, var gücümüzlə çalışdıq ki, hər şey yaxşı olsun, amma reallıqdan qaçmaq olmaz. Rəqib bizdən hazırlıqlı və təcrübəli idi. Futbolçular bacardıqlarını etdilər, mübarizliklərini, əzmkarlıqlarını göstərdilər. Hər iki oyunda hesabda irəli çıxsaq da, nəticəni qorumağa fiziki güc çatmadı. Və bu, normal idi. 20 günə heç kim bunu düzəldə bilməz. Komandamızın əksər futbolçuları çox təcrübəsiz idilər.
Bizi Telegramda izləyin
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin