Bakıda hərəkət məhdudlaşdırılır

İyunun 6-da gecə saat 01:00-dan etibarən Formula 1 üzrə Azərbaycan qran-prisi ilə bağlı Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Komanda.az xəbər verir ki, bu barədə Bakı şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) məlumat yayıb.

Hərəkət iyunun 14-də səhər saatlarından etibarən bərpa olunacaq.

BŞH-ın Mətbuat Xidmətinin rəhbəri Turab Teymurov bildirib ki, nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq:

“Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Bu zonalarda yaşayan və əmək fəaliyyəti ilə məşğul olan sürücülər icazəni tam ödənişsiz şəkildə BŞH-ya müraciət etməklə əldə edə biləcəklər”.

O da bildirilib ki, vətəndaşlar “Yaşayış Yerinə Giriş İcazəsi” sənədinin paylanma məntəqələrinə yaxınlaşaraq həftənin bazar ertəsindən cümə gününədək saat 10:00-dan 17:00-dək əldə edə bilərlər. Sənədin paylanması mayın 16-dan start götürüb və iyunun 12-dək davam edəcək.

Azərbaycan qran-prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində daimi yeraltı keçidlər gün boyu açıq olacaq.

Piyadalar halqa ətrafında, Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xəqani və Rəşid Behbudov küçələrinin, Azadlıq prospekti ilə Xəqani küçəsinin kəsişməsində müvəqqəti yerüstü keçidlərdən istifadə edə biləcəklər. Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsində salınacaq keçid isə daimi olaraq quraşdırılıb.

Cari mövsüm Azərbaycan qran-prisi 10-12 iyunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button