Bakıda cüdo hakimlərinin toplantısı keçirilir

Bakıda təşkil edilən cüdo üzrə “Böyük Dəbilqə” turniri ərəfəsində hakimlərin toplantısı keçirilir.

Komanda.az xəbər verir ki, hazırlıq Azərbaycan Milli Təlim Mərkəzində baş tutur.

Beynəlxalq Cüdo Federasiyasının (IJF) baş hakimi Daniel Florin Laskau Bakıya toplaşan hakimləri və qonaqları salamlayıb. O, ötən həftə Bakıda IJF Akademiyası kursunun keçirildiyini xatırladıb: “Ev sahibi federasiyanın səyləri sayəsində bu heyrətamiz cüdo tədbirində olduğumuz üçün şanslıyıq. Azərbaycan keçmiş idmançıları məşqçilik və hakimlik yolu ilə fəaliyyətə cəlb edərək, gözəl addımlar atır. Onlar həm performans, həm tədris, həm də hakimlik baxımından irəliyə gedirlər. Nəzarətçilərimiz və baş hakimlərimiz qərarların qəbulunun və ümumi hakimlik prosesinin keyfiyyətini təmin etmək üçün buradadırlar. Bakıda keçirilən toplantı bu prosesin vacib hissəsidir və hamımızın eyni dərəcədə hazırlıqlı olmağımıza kömək edir”.

Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu seminarın Bakıda təşkilindən məmnunluq ifadə edib: “Federasiya olaraq hakimliyə çox diqqət yetiririk və bu işdə IJF-nin hakimlər korpusu bizə kömək edir. Bütün hakimlərə uğurlar arzulayırıq. Çünki onlar cüdonun qaydalarını və ədalətli yarışma prinsiplərini qorumaqla yanaşı, həm də olimpiya seçimindən uğurla keçməyə çalışırlar”.

Ardından Laskau tədrisin məzmununun çatdırılmasına rəhbərlik edib. Qeydə alınmış çoxsaylı situasiyaları əks etdirən nümunələr göstərilib.

Toplantı ərzində tatami üzərində məşğələlər, videolara baxışlar və birgə müzakirələr keçirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button