“Bakı Premyer Liqası”ndan xilas olmaq üçün nə etməli?
Avropada 30 ölkənin çempionatının əsas liqasında komanda sayı 8-12 arasındadı. Bu çempionatlarda oyunlar ənənəvi, 18-20 komandalı ikidövrəli sistemlə deyil, daha az komanda ilə, daha çoxdövrəli sistemlə keçirilir. Yəni bizdəki kimi.
Bu ölkələrin hamısını demək olmasa da, müəyyən qismində oyunlar xeyli maraqlı keçir və azarkeş diqqəti də var. Bizdə isə bunun əksinin baş verdiyini, yəni oyunların azarkeş nöqteyi-nəzərindən maraqsız keçdiyini söyləsək, Amerika kəşf etmiş olmarıq.
Fərq
Tam məntiqli olaraq ortaya belə bir sual çıxır: niyə onlarda bu şəkildə, yəni az komandalı çempionatın təşkili uğurlu və maraqlı ola bilir, amma bizdə yox? Gəlin, bu suala cavab tapmağa çalışaq.
Yəqin razılaşarsız ki, Azərbaycan çempionatının bu hala düşməsinin, yəni maraqsız və tamaşaçısız olmasının əsas səbəbi bölgə komandalarının tədricən yarışdan çəkilməsi və yeni yaranan azarkeşsiz Bakı komandalarının bura qoşulması oldu. Bəs az komanda ilə yarış keçirən digər ölkələrin çempionatlarında da paytaxt komandaları tədricən bölgə komandalarını sıxışdırıb sıradan çıxarırmı? Onların da çempionatı az qala paytaxt birinciliyinə çevrilirmi? Xeyr, onların çempionatlarında bu hal baş vermir.
Buyurun, cədvələ diqqət yetirin. Burda biz az komanda ilə yarış keçirən ölkələri – UEFA-nın avrokuboklardakı klub əmsallarına görə ilk 15 yerdə gedən ölkəni göstərmişik. Cədvəldəki sütunlarda hər ölkənin əsas liqasında neçə komanda yarışdığını və bu komandaların ümumilikdə neçə şəhəri təmsil etdiklərini, həmçinin hər bir ölkənin çempionatında paytaxtı təmsil edən komanda sayını və bunun çempionatdakı ümumi komanda sayının neçə faizini təşkil etdiyini qeyd etmişik. Məsələn, götürək UEFA klub əmsalında 16-cı yerdə gedən İsveçrəni. Bu ölkənin çempionatında 10 komanda yarışır. Həmin 10 komanda 9 şəhəri təmsil edir. Paytaxt Bernin çempionatda bir komandası yarışır. Həmin komanda isə çempionatdakı ümumi komanda sayının 10 faizini təşkil edir. Burdan bir şey də məlum olur ki, İsvecrə çempionatında iki komanda ilə təmsil olunan yeganə şəhər paytaxt deyil, hansısa əyalət şəhəridi.
Cədvəldə ən diqqət çəkən ölkə təbii ki, Azərbaycandı. Çünki bizim çempionatın paytaxt klublarının ümumi komanda sayına nisbəti digər ölkələrdən nəzərəçarpan şəkildə fərqlənir. Belə ki, bizdə paytaxt komandaları ümumi komanda sayının 62,5 faizini təşkil edir. Belə görünür ki, Azərbaycanın digər bölgələri yerdə qalan 37,5 faizi əhatə edir.
Amma başqa ölkələrdə belə deyil. Cədvəldən də görünür ki, Avropa ölkələrinin əksərində paytaxt komandalarının ümumi komanda sayına nisbəti əsasən 10-17 faizdi. Yalnız bir neçə ölkədə 30-40 faiz arasındadı ki, hətta bu rəqəm də bizim çempionatla müqayisədə çox aşağıdı.
Avropa və biz
Bu cədvəldəki rəqəmlərə baxdıqdan sonra bizdə, elə sizdə də daha bir sual yaranır. Bəs niyə onların keçirdikləri yarışlar paytaxt çempionatına çevrilmir?
Təxminən 10 il öncə, hələ az komanda ilə dörd dövrəli sistemə keçməmişdən əvvəl “Azərbaycan çempionatını necə keçirmək olar?” adlı geniş yazı yazmışdım. O zaman çempionatımızda 14 komanda yarışırdı və hazırkı sistemə keçid planlaşdırılırdı. Mən həmin yazıda az komanda ilə çoxdövrəli sistemin faydalı olmayacağını izah etmişdim. Hələ o zaman gətirdiyim dəlillər düz çıxdı və çempionatımız bu gün de-fakto Bakı çempionatına çevrilib. Həmin yazı xeyli geniş olduğundan, düşünmürəm ki, onu çox sayda adam oxuyub, oxuyanların da xatirində qalıb. Ona görə də, yazdıqlarımızdan bəzi məqamları yenidən qeyd etmək yerinə düşər deyə, düşünürəm.
Beləliklə, qayıdaq əsas suala: niyə Avropa qitəsində az komanda ilə çoxdövrəli sistemdə oynayan ölkələrin çempionatları bizdəki kimi, paytaxt birinciliyinə çevrilmir?
Bunu başa düşmək üçün həmin ölkələrin futboluna yox, iqtisadi coğrafiyasına diqqət yetirməyimiz lazımdı. Məsələ burasındadı ki, az komanda ilə çempionat keçirən ölkələrin əksərində əhalinin sayı bir-birinə bərabər olan çoxlu şəhər var. Bu şəhərlərin iqtisadi gücü imkan verir ki, onlar rəqabətə davamlı komanda saxlaya bilsin.
Əlbəttə, biz bu ölkələrin hamısına ayrı-ayrılıqda baxa bilmərik. Buna yazının həcmi imkan verməz, həm də heç ehtiyac da yoxdu. Biz yalnız nümunə kimi bu ölkələrdən birinə baxsaq, digərləri barədə də təsəvvürümüz olar. Çünki səbəb eynidi. Ona görə də, gəlin, az komanda ilə çoxdövrəli sistemlə oynanan çempionatlar içində populyarlarından olan, Şotlandiyaya baxaq.
Şotlandiya çempionatında 12 komanda yarışır və yalnız iki şəhər birdən çox komanda ilə təmsil olunur – Qlazqo və Edinburq. Onların da hərəsi iki komanda ilə. Qalan 8 komanda 8 ayrı-ayrı şəhəri təmsil edir. Bu o deməkdi ki, əsas liqada yarışan 12 komanda 10 şəhərindi. Bəs niyə Şotlandiyada 12 komandanı 10 şəhər təmsil edə bilir və orda paytaxt komandaları tədricən sıxışdırıb region komandalarını sıradan çıxarmır?
Çünki Şotlandiyanın şəhərlərinin əhali sayı biri digərindən çox böyük deyil. Ən böyük şəhər Qlazqonun əhalisinin sayı (581 min nəfər) ikinci ən böyük şəhər Edinburqdan (468 min nəfər) 1,2 dəfə, üçüncü ən böyük şəhər Aberdindən (202 min nəfər) 2,6 dəfə, dördüncü ən böyük şəhər Dandidən (150 min nəfər) 3,8 dəfə çoxdu. Bu o deməkdi ki, əhalisinin sayı, eyni zamanda iqtisadi gücü bir-birinə yaxın olan həmin şəhərlər hər biri çempionatda rəqabətə davamlı komandalar saxlaya bilirlər.
Bizdə isə ən böyük şəhər Bakının əhalisi (2,26 milyon nəfər) ikinci ən böyük şəhər Sumqayıtdan (341 min nəfər) 6,6 dəfə, üçüncü ən böyük şəhər Gəncədən (333 min nəfər) 6,8 dəfə, dördüncü ən böyük şəhər Mingəçevirdən (105 min nəfər) 21,5 (!) dəfə çoxdu. Zənnimcə, rəqəmlər hər şeyi izah edir.
Azərbaycanın əhalisinin 23 faizi Bakıda yaşayır. Bu, az qala hər dörd nəfərdən biridi. Əhali çox olan yer həm də iqtisadi güc deməkdi. Həmin yer gəlirlidi ki əhali də ora axışır, nəticədə, bu məkan böyüyür, maqnit qüvvəsi kimi hər şeyi özünə çəkir.
Müqayisə üçün deyək ki, Şotlandiyanın paytaxtı Edinburqda ölkə əhalisinin heç 10 faizi yaşamır.
Mir Cəfər Bağırov
Vaxtı ilə Azərbaycan KP MK-nın 1-ci katibi işləmiş Mir Cəfər Bağırov Bakıdan asılılığı azaltmaq məqsədi ilə Sumqayıt, Mingəçevir, Əli-Bayramlı, Daşkəsən kimi sənaye şəhərləri saldırıb, onlarla yeni-yeni fabrik və zavodlar, maşınqayırma müəssisələri yaratmışdı. Ümumiyyətlə, düşünürəm ki, Bağırovun şəxsiyyəti, fəaliyyəti və iş prinspi, həmçinin onun Azərbaycan tarixindəki rolu ciddi araşdırılmalıdı. İyirmi ildən çox respublikaya rəhbərlik etmiş bir şəxsin üstündən sükutla keçmək olmaz. Amma bunu idman jurnalistləri deyil, ictimai-siyasi sahənin jurnalistləri araşdırmalıdı. Yalnız qısaca, bu şəxsiyyət barədə bir məqamı qeyd edək ki, Nikita Xruşşov onu güllələtdirməmişdən əvvəl vəzifəsindən azad edərək Rusiyada hansısa zavoda direktor göndərəndə, deyilənə görə, onun Bakıda yaşadığı evindən çıxarkən apardığı kiçik bir çamadan olur, içində də pal-paltarı və digər şəxsi əşyaları. Evdə qalan başqa heç nəyə toxunmur, “bunlar hamısı xalqındı” deyir.
Belə…
Paytaxt böyük olanda, klubu da çox olur
Qeyd etdiyimiz kimi, Mir Cəfər Bağırov Bakıdan asılılğı azaltmaq üçün Sumqayıt, Mingəçevir, Əli-Bayramlı, Daşkəsən kimi şəhərlər saldırmışdı. Lakin bu proses sonrakı mərhələlərdə davam etmədi və Bakı sürətlə böyüdü. Qarabağ müharibəsi və onun nəticələri, SSRİ-nin dağılması səbəbindən paytaxtdan kənardakı şəhərlərdə sənaye müəssisələrinin bir-birinin ardınca sıradan çıxması, Bakıda isə əksinə, bağlanan neft müqavilələri bölgələrin paytaxta axınını qaçılmaz etdi.
İndiki durumda iqtisadi güc Bakıda cəmləşdiyindən, klubların yaranması da, onlara sponsorların tapılması da paytaxtda baş verir. Hətta hazırda Premyer Liqada yarışan üç bölgə komandasının da sponsorları Bakıdandı. “Qarabağ”ın sponsoru “Azərsun”un və “Qəbələ”nin sponsoru “Gilan”ın baş ofisi Bakıda yerləşir, paytaxtı təmsil etməyən digər bir komandanın, “Sumqayıt”ın maliyyə gəlirlərini isə AFFA ayırır.
Bəli, pul, iqtisadi güc hardadırsa, hamı ora cəmləşir. O cümlədən futbol klubları. Bizdəki iqtisadi coğrafi quruluş şərait yaradır ki, klubların təmsilçiliyi digərlərindən dəfələrlə böyük və güclü şəhərin “əlində” cəmləşsin. Komanda sayının azlığı isə bu prosesə, yəni klubların paytaxtlaşmasına yardım edir.
İslandlar və biz
Az komanda ilə çoxdövrəli sistemlə oynayan ölkələrin bəzisində (İslandiya, Makedoniya, Macarıstan, İrlandiya) paytaxt komandalarının çox olmasının səbəbi bizdəkinin eynidi. Həmin ölkələrdə paytaxt əhalisi ölkə əhalisinin 25 faizindən çoxunu təşkil edir. Məsələn, İslandiya çempionatında 5 komanda ilə təmsil olunan Reykyavikdə (129 min) ölkə əhalisinin (357 min) 36 faizi yaşayır. Amma onlar problemi ümumi komanda sayını artırmaqla çözə biliblər. İslandiya çempionatda 12 komanda yarışdığından, digər regionları bizdəki kimi 3 yox, 7 komanda təmsil edir. 10 il əvvəl bizim çempionatımızda Bakı komandalarının sayı belə idi – 5 komanda. Amma ümumi komanda sayı 14 olduğundan, onların 9-u regionları təmsil edirdi.
Ermənilər də bizim günümüzdədir
Gəlin, az sayda komanda və daha çox dövrə ilə oynayan çempionatlardan UEFA klub əmsalına görə sonrakı 15 yerdə olanlara da göz yetirək. Birinci cədvəllə müqayisədə, burda da elə ciddi fərq yoxdu. Yalnız iki ölkə xüsusi diqqəti çəkir. Bunlardan biri Cəbəllütariqdi ki, bu ölkədə digər regionu təmsil etmək mümkün deyi. Çünki ölkə özü həmin Cəbəllütariq şəhərindən ibarətdi.
Digəri isə Ermənistandı. Burda paytaxt komandaları ümumi komanda sayının 66,7 faizini təşkil edir. Bu, bizdəkindən də yuxarı, başqa sözlə, bərbad göstəricidi. Bunu səbəblərindən biri Yerevan əhalisinin ümumi Ermənistan əhalisinin 36,8 faizini təşkil etməsidi. İkinci səbəb isə yəqin ki, paytaxtla bölgələr arasındakı dərin iqtisadi uçurumdu.
Nə etməli?
Mən 10 il əvvəl bu amilləri nəzərə alaraq, yazmışdım ki, az komanda ilə çox dövrəli sistem çempionatı Bakı birinciliyinə çevirəcək. Məhz ölkəmizin bu cür iqtisadi coğrafi quruluşunu nəzərə alaraq, proqnozlaşdırırdım ki, komandaların sayı azalarsa, yarışan komandalın yarısı paytaxtı təmsil edəcək. Göründüyü kimi, xeyli nikbin olmuşam. Hazırda Azərbaycan Premyer Liqasında iştirak edən paytaxt komandaları, Bakıda oynayan “Qarabağ”ı belə, nəzərə almasaq, ümumi komanda sayının yarısından çoxunu təşkil edir.
Çempionatımızda çox komanda olarsa, məsələn 18, bu halda komandaların lap yarısı belə, Bakıdan olsa, yerdə qalan digər 9 komanda rayonları təmsil edəcək. Buna isə kimsə Bakı çempionatı deyə bilməz. Misal üçün, İngiltərə Premyer Liqasında 6 komanda (“Arsenal”, “Çelsi”, “Tottenhem”, “Fulhem”, “Vest Hem”, “Kristal Pelas”) paytaxt Londonu təmsil edir. Amma orda 20 komanda yarışdığından, bu, nəzərə çarpmır. London klubları Premyer Liqada oynayan komandaların cəmi 30 faizini təşkil edir. Bizim çempionatda paytaxtımızı İngiltərə paytaxtına nisbətdə daha az, 5 komanda təmsil edir. Amma ümumi komanda sayı 8 olduğundan, Bakı komandaları Premyer Liqamızda oynayan komandaların 62,5 faizini təşkil edir.
İndi deyə bilərsiz ki, biz süni şəkildə birinci divizion komandalarını Premyer Liqaya çıxartsaq, onlar da burda böyük hesablarla uduzub autsayderə çevrilsələr, onda nə olacaq?
Birincisi, kim deyir ki, futbolda böyük hesabın olması çempionatın zəifliyinin göstəricisidi? “Böyük beşlik” ölkələrindən Fransa çempionatında PSJ “Genqam”ı 9:0 uddu. Bəyəm bu, çempionatın zəifliyidi? İngiltərə çempionatında “Haddersfild”in 27 oyundan sonra cəmi 14 xalı var. İtaliyada 25 turdan sonra “Kyevo”nun 10 xalı var. Məgər biz İngiltərə Premyer Liqasına, İtaliya A Seriyasına zəif deyə bilərik? Əlbəttə, yox. Komandaların gücü eyni olduqda, oyunlar praqmatikləşir və tamaşaçı üçün maraqsız olur. Avropanın aparıcı ölkələrinin çempionatlarında güclü də, zəif də, ortabab komanda da var.
İkincisi, birinci dəstənin komandaları Premyer Liqada çıxış etsə, onlar hamısı autsayderə çevrilməyəcəklər, onların içində güclənənlər də olacaq. Lap autsayderə çevrilsələr belə, bu, normaldı. Amma hazırkı durumu normal adlandırmaq olmaz.
Ümumiyyətlə, bizə uyğun gələn, ən düzgün çempionat formatı barədə geniş qeydlərim var. “Çempionatı necə keyfiyyətli keçirmək olar?” planı ətrafında uzun müddət işləmişəm və burda hər şeyi nəzərə almışam, iqtisadi quruluşu, klubların maddi gəlirlərini, sponsor məsələsini və s. Maraqlanan olarsa, məmnuniyyətlə təqdim edə bilərəm.
Vüqar Məmmədov
Bizi Facebook-da izləyin