“Bağışlanacaqsa, cəzasız da qalmayacaq” – Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Baxımlı oyun oldu. Həqiqətən, meydanda sürət də var idi. İkinci hissədə komandalarda yorulmalar hiss olundu. Oyunun çox hissəsi maraqlı keçdi. İlk hissədə buraxdığımız səhvlər nəticəyə təsir etdi. Rəqib haqda xoş sözlər deyə bilərəm. Bizdən daha hazırlıqlıdırlar. Çempionatda xüsusi oyun üslubu olan komandadır. Hər oyunda qol imkanları yarada bilirik. Bu gün komandamızda çatışmayan cəhətlər var ki, onlardan biri də itkilərimizin olmasıdır. Rahid Əmirquliyev zədəlidir, Ruslanı risk edib oynatdıq, Əfran da tam hazır deyil. Nəticə baxımından çox şey gözləmirik. Heyətimizdə gələcəyi daha yaxşı olacaq futbolçular var. Amma təcrübəsizdirlər. Çalışırıq ki, onlara daha çox şans verək. Nəticə istədiyimiz kimi olmasa da, gəncləri qazanmağa çalışacağıq.
  • 3 turdan sonra komandanın 0 xalı var…
  • Mövsümün əvvəlində rəhbərliklə danışdıqda artıq məqsədimiz bəlli idi. İstədiyimiz futbolçuları cəlb etmək alınmadı. Legionerlərin sayını azaltmağa çalışdıq. İrəlidəki illərdə “Səbail” yaşasa, gənc və yerli futbolçulardan qarışıq bir heyəti olacaq. Düzdür, hər məşqçi nəticə istəyir, amma mən də hansı komandada olduğumu və durumu bilirəm, bunu nəzərə almışam. Nəticələr pis olsa da, rəqiblərimizdən oyun baxımından geri qalmırıq.
  • “Səbail”in gələcəyi qaranlıqdırmı?
  • Hazırda klubun gələcəyiylə bağlı narahatlıq yoxdur. Heyətimizdə gənc futbolçular var və onlara daha çox şans verəcəyik.
  • Hendrik Ekşteyndən səs-soraq var?
  • Var, məlumat göndərib ki, etdiyi əmələ görə peşmandır. Hələ bir qərar verməmişik. Yəqin, bu həftə taleyinə aydınlıq gələcək. Bağışlanacaqsa, cəzasız da qalmayacaq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button