Bəxtsiz Səmədov, bəxti gətirən Şeydayev
Vüqar Məmmədov
Bir neçə gün əvvəl Aleksandr Səmədov karyerasını bitirdi. Bu münasibətlə Ramil Şeydayev özünün “facebook” səhifəsində gördüyünüz şəkli paylaşıb və belə bir status yazıb: “Bu gün peşəkar futbol karyerasını rəsmi olaraq sonlandırmış Aleksandr Səmədova gələcək fəaliyyətində uğurlar arzulayıram. Qısa da olsa, səninlə eyni komandada oynamaq çox xoş idi”.
Ramilin statusuna şərh yazanların əksəri Səmədov barəsində neqativ fikirlər yazıblar. Bu şərhlərdə “şərəfsiz”, “satqın” kimi ağır ifadələr də var. Niyə? Gəlin, başa düşməyə çalışaq.
Səmədovun istər futbolçu kimi, istərsə də insan kimi yetişib formalaşmasında Azərbaycanın xidməti olmayıb. Atası bir çox azərbaycanlı kimi Rusiyaya çörəkpulu qazanmağa gedib. Bir çox azərbaycanlı kimi orda rus qızı ilə tanış olub. Amma bir çox azərbaycanlıdan fərqli olaraq, bu qızı uşağı ilə buraxaraq, ölkəsinə qayıtmayıb. Qalıb, ailə qurub, orda yaşayıb, övladını (ola bilsin övladlarını) böyüdüb. Oğlu da futbolçu kimi rus uşaq məşqçiləri tərəfindən yetişdirilib. Yaxşı, sən bir ölkənin futbolunun yetirməsisən, valideynlərindən də biri həmin ölkədəndi, səni yetişdirən, formalaşdıran ölkənin yığmasını seçirsən, bu niyə şərəfsizlik sayılmalıdı? İnsan seçimini edib. Böyüyüb boya-başa çatdığı, futbol oynamağı öyrəndiyi ölkənin yığmasını seçib. Buna görə ona satqın demək olarmı? Bu ona bənzəyər ki, ruslar Maksim Medvedevə yığmamızı seçdiyinə görə satqın deyirlər. Bu düzgündürmü? Hər iki şəxs futbolçu kimi formalaşmasında xidmətləri olan ölkəni seçib. Məsələyə bir başqa prizmadan yanaşsaq, onlar (Səmədovla Medvedev) yetişmələrində xidmətləri olan ölkəni seçməmələri halında qeyri-düzgün addım atmış olardılar. Hardasa bu cür yanaşma da məntiqlidi.
Məsut Özil türkdü, amma o, Almaniyanın yığmasını seçdi. Türkiyə yığması ilə oyunda Volkan Dəmirəlin ayaqları arasından qol vurdu. Ancaq onu vətən xaini elan etmədilər. Adını Türkiyənin şəhərlərindən birində küçəyə verdilər. Nikah şahidi isə Türkiyənin birinci adamı oldu. Məsut Səmədovdan fərqli olaraq atasının vətənində daim sevilib. Yalnız ona görə ki, atası bu ölkədəndi, türkdü. Amma mahiyyətcə Özil kimi, eyni qərarı verən Səmədov Rusiya yığması ilə ölkəmizə gələndə stadionda fitə basdılar, hətta künc zərbəsi vurmağa imkan vermədilər. Səbəb isə bu oyundan əvvəl Rusiyanın “Sport ekspress” qəzetinə verdiyi müsahibədə bir fikir olmuşdu. Jurnalistın “azərbaycanlı futbolçular özlərindən əmin danışırlar” sözlərinə Səmədov “Hə? Lap yaxşı. Nə problem var ki? Biz də özlərinə arxayınlıqdan istifadə edib, onları cəzalandırmağa çalışarıq” cavabını vermişdi. Burda əsas qıcıq doğuran fikir “cəzalandırmaq” (наказать) sözü idi. Halbuki, azacıq savadı olan istənilən şəxsə aydın idi ki, “cəzalandırmaq” burda məcazi mənada deyilmişdi. Bütün idman növlərində rəqibin arxayınlığından istifadə edib, onu cəzalandırırlar. Yəni qol vururlar, qalib gəlirlər və s. Çox olub ki, güclü komandalar oyuna arxayın çıxıb və rəqibi də bu arxayınçılıqdan istifadə edib, onları cəzalandırıb. Səmədovun da “cəzalandırarıq” fikrinin arxasında bu məna dayanırdı. Rəşad Sadıqov isə oyunqabağı mətbuat konfransında Səmədovun müsahibəsindəki bu fikrin üzərində dayanaraq, bir növ odun üstünə benzin tökdü. Düzdü, Səmədov Sadıqovla oyundan dərhal sonra, elə meydandaca görüşüb, anlaşılmazlığa aydınlıq gətirdi və onlar bir-birini başa düşdülər. Amma olan olmuşdu. Bu günəcən də bəzi azarkeşlər həmin hadisəni xatırlayıb, Səmədovu söyürlər.
Aleksandr Səmədovun yığmamızda oynamaq istəyi olub. Bir dəfə də toplanışa gəlib, atası ilə. Amma həmin vaxtlar futbolumuzun pulsuz dövrləri idi, yığma komanda həvəskar səviyyədə idi. Üstəlik, deyilənlərə görə, milli komandamızın üzvləri olan futbolçular Səmədovla meydanda və meydandan kənarda xoş davranmayıblar. Həmin dövrdə futbolçularımız barədə belə söz-söhbətlər (gəlmələrə “torba tikmək”) çox olduğundan, deyilənlər inandırıcı görünür. Xatırlamadığım bir mənbədən də eşitmişdim ki, oğluna qarşı xoş olmayan münasibəti görən atası deyib ki, bir daha zəhmət çəkib çağırmasınlar.
Əmin olun ki, belə şəraiti və münasibəti Ramil də görsə idi, o da yığmamızdan imtina edərdi. Amma Şeydayevin bu cəhətdən bəxti gətirdi, varlı və şəraitli AFFA dövrünə düşdü. Yəqin ki, onun yığmamıza gəlməsi üçün maddi stimullaşdırma da olub. Səmədov çağırılanda isə bunların heç biri yox idi: nə infrastruktur, nə pul, nə də yanında sənə dəstək olacaq komanda yoldaşı.
Yenə qayıdıram Ramil Şeydayevin statusunun altına yazılan təhqirlərə. Mən burda həmin təhqirləri yazanları qınamaq fikrində deyiləm. Onlar müəyyən mətləblərdən məlumatlı olmaya bilərlər. Mən daha çox millətçi nöqteyi-nəzərdən yanaşıb, məsələləri birtərəfli şəkildə işıqlandıraraq, ictimaiyyəti qızışdıran bəzi mətbu orqanlarını qınayıram.
Ümumiyyətlə, hansısa idman hadisəsinin siyasiləşdirilməsinin də əleyhinəyəm. Çünki idman növü, o cümlədən futbol sadəcə bir oyundu. Oyun isə əyləncə vasitəsidi. Əyləncə vasitəsinə milli, siyasi, ictimai ciddilik vermək… qeyri ciddilikdi.
Bizi Facebook-da izləyin