“Bələdiyyələr köhnə meydançaları satmaqla məşğuldur” – Yaşar Sultanov

Son zamanlar Azərbaycan Premyer Liqasında hakim səhvlərinə tez-tez rast gəlinir. Bunun səbəbi nədir və günahı kimdədir?

“Turan Tovuz” klubunun sabiq icraçı direktoru, AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Sultanov məsələ ilə bağlı Komanda.az-a açıqlama verib. Sultanov hesab edir ki, azərbaycanlı referilərin səhvləri daha çox təcrübəsizlikdən qaynaqlanır:

“Hakim özünü meydançada ağa hesab edə bilmir”

“Hər bir oyuna baxıram, ümumilikdə götürəndə, Premyer Liqada olan hakim səhvlərini qlobal səhvlər hesab etmək olmaz. Avropanın aparıcı futbol ölkələrində bundan qat-qat çox səhvlər olur. Eyni zamanda, beynəlxalq turnirlərdə, çempionatlarda daha çox səhvlərə rast gəlirik. “Qarabağ”ın beynəlxalq oyunlarında da gördük ki, Avropa turnirlərində hansı səhvlərə yol verilir. Premyer Liqada olan səhvləri lokal səhvlər adlandıra bilərik. Bu səhvlərin səbəbini hakimlərin təcrübəsizliyi və meydançada yüksək cəsarətlə oyunu idarə etmək qabiliyyətlərinin olmamasında görürəm. Hakim özünü meydançada ağa hesab edə bilmir. İstər tribunanın səsi, istərsə də komanda heyətlərinin kənardan təzyiqləri, aqressiv davranışları hakimlərə psixoloji təsir göstərir. Səhvlər bu məsələlərdən qaynaqlanır. Düşünmürəm ki, qərəzli səhvlərdir. Lakin nə olursa-olsun, bunların hər biri təcrübəsizlikdən irəli gəlir”.

Yaşar bəylə yoxlama oyunlarında Malta və Latviyaya uduzan (hər ikisi 0:1) Azərbaycan millisinin məğlubiyyətləri haqqında da danışdıq:

“Malta ilə oyun çox dəhşətli idi”

“Mən bu günə qədər hər zaman millinin oyunlarını izləmişəm. Lakin belə biabırçı oyunlar görməmişdim. Millimizin bəxti gətirdi ki, Maltaya çox minimal hesabla uduzdu. Dəhşətli bir oyun idi. Ümumiyyətlə, oyunun mahiyyətini dərk edə bilmədim ki, biz nə oynayırıq? Sözün əsl mənasında bəxtimiz gətirdi ki, oyun katastrofik hesabla nəticələnmədi. Hər iki oyun məzmunsuz idi. Yəni Azərbaycan millisi tərəfdən heç nə görünmürdü”.

“Bizim ölkəmizdə milliyə düşmək yox, düşməmək çətindir”

“Azərbaycan Premyer Liqasında cəmi 8 komanda var. Oyuna çıxa biləcək 6 legioner, 40-50 işlək futbolçumuz var. Maksimum 60. Bir ölkədə 60 futbolçu varsa, bunların 25-i milliyə dəvət olunursa, ortaya nə çıxır? Demək ki, bizim ölkəmizdə milliyə düşmək yox, düşməmək çətindir. Azərbaycanda futbolçu yoxdur, potensial yoxdur. Məsələn, Yurgen Klopp, Zinəddin Zidan, Joze Mourinyo, Qvardiola kimi dünyanın aparıcı məşqçilərindən bir kvartet yaradaq və onları gətirək Bakıya. Elə bilirsiz ki, Azərbaycan millisi o zaman oynaya biləcək? Təbii ki, yox. Şumaxeri “Zaparoje”yə oturdub deyə bilərsizmi get Formula 1-i qazan, gəl? Xeyr. Çünki “Zaparoje”ni itələməsən, getmir. Çox çətin bir məqamdayıq, ortada futbolçu yoxdur. Kiminlə, nə ilə oynamalıyıq? Ölkədə 5-6 yaxşı futbolçu var, onlar da artıq bilirlər ki, yerləri təmin olunub, heç kimlə əvəzlənməyəcəklər”.

“Heç nə olmayan yerdə De Byazi nə edə bilər?

“Heç nə olmayan yerdə Canni De Byazi nə edə bilər? Bu gün bizim milli üçün Byazi ilə yerli məşqçi arasında fərq nədən ibarətdir, bilirsiz? Yerli məşqçi millini daha yaxşı tanıyır. Daha emiosional, daha millidir, milli adı ona daha uyğundur. Azərbaycan millisinə illər öncə çox adlı-sanlı məşqçilər gəlib. Nə edə biliblər ki? Bu gün statistikaya baxsaq, millinin ən yaxşı göstəriciləri yerli məşqçilərin sayəsində olub”.

“Rəşad Sadıqov və Samir Abasov millinin baş məşqçisi ola bilər”

“Mən tərəddüd etmədən həm futbolçu, həm də futbol aləmində “bişmiş” adamlar kimi Rəşad Sadıqovu, Samir Abasovu böyük həvəslə milli komandanın məşqçiliyinə götürərdim. Onlar heç vaxt seçimlərində yanılmazlar, gücləri nəyə çatırsa, hansı resursa arxalanırlarsa, həmin resursun içindən ən etibarlısını seçmək iqtidarındadırlar. Onların nüfuzu da, komandaya olan tələbkarlıqları da fərqli ola bilər”.

Sultanov, Azərbaycanda futbolun yerində saymasının əsas səbəblərindən biri kimi bölgələrdəki vəziyyəti göstərir:

“Bələdiyyələr köhnə meydançaları satmaqla məşğuldur”

“Hər şeydən öncə Azərbaycanda futbolu yaratmaq lazımdır. Azərbaycanın əksər rayonlarında top yoxdur. Futbol oynamaq üçün standart toplar satılmır. Futbolda əsaslı şəkildə dönüş yaratmaq lazımdır. Azərbaycan futbolu köklü islahat tələb edir. Rusiya, Türkiyə çempionatlarına baxın, böyük komandaların əksəriyyəti bələdiyyə komandalarıdır. Azərbaycanda bir dənə də olsun bələdiyyə meydançası varmı? Xeyr. Bələdiyyələr köhnə meydançaları satmaqla məşğuldur. Belə olmaz axı. Futbolu kütləviləşdirmək lazımdır. Elə bir kənd olmamalıdır ki, orda stadion olmasın. İki qonşu kənd ən aşağısı ildə 5-6 dəfə idman mübarizəsi şəraitində görüşlər keçirməlidir. Əsl idman intriqası yaratmaq lazımdır”.

“Gəncə kimi şəhərin və Tovuz kimi rayonun futbolsuz qalması fəlakətdir”

“Bizim əvvəllər ənənəvi futbol rayonlarımız var idi. O rayonları, şəhərləri dirçəltmək lazımdır. Gəncə kimi şəhərin və Tovuz kimi rayonun futbolsuz qalması Azərbaycan üçün fəlakətdir. Lənkəran, Mingəçevir, Zaqatala, Quba, Qusar, Şəmkir, Qazax, Masallıda çox adlı-sanlı komandalarımız var idi. Bu komandalar qayıtmalı, ən aşağısı dirçəlməlidir. Hər bir kəndin meydançası, stadionu olmalıdır, dünyanın hər yerində olduğu kimi. Bizdə isə əksinə, uşağın əlindən meydançanı alıb, kiməsə şadlıq evi tikmək üçün verirlər. Belə olan halda ofisiantlarımız idmançılarımızdan daha çox olacaq. Bu şəkildə irəli gedə bilmərik”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button