Bəhlulun “Əl Əyn”ə keçidi Azərbaycan futboluna nə qazandıracaq? TƏHLİL

Əmir

Bir neçə gün öncə Azərbaycan futbolunun perspektiv vəd edən futbolçularından olan Bəhlul Mustafazadənin Birləşmiş Ərəb Əmrliklərinin “Əl Əyn” klubu ilə müqavilə bağlaması barədə xəbər yayıldı. Bəhlulun müqaviləylə bağlı olduğu “Sabah” da bu xəbəri təsdiqlədi. Klubdan yerli mətbuata verilən açıqlamada, 24 yaşlı müdafiəçinin BƏƏ təmsilçisinə keçidinin hələ bir ay əvvəldən dəqiqləşdiyi, sadəcə bəzi detalların qaldığı qeyd edilib. Uzun sözün qısası, Bəhlul artıq Masazır təmsilçisinin üzvü deyil.

Bəs bu transfer Bəhlula, Azərbaycan futboluna və “Sabah”a nə verdi, nə verəcək? Əvvəlcədən qeyd edim ki, transfer açıqlanandan qısa müddət sonra bu keçid sosial mediada və yerli mətbuatda geniş müzakirələrə səbəb oldu. Bəziləri Bəhlulun xarici kluba keçidini müsbət qarşıladısa, bəziləri “Əl Əyn”in Avropa təmsilçisi olmamasını əsas gətirərək, bu transferin irəli addım olmadığını bildirdi.

Transferin açıqlanmasından bi neçə gün keçdikdən sonra verilmiş qərara soyuq başla nəzər yetirib, bu keçidin kimə hansı xeyiri verməsini və ya verməməsini nəzərdən keçirək.

Mənfi məqam

Bəhlulun futbolun beşiyi sayılan Avropaya yox, “köhnə qitə”dən səviyyəcə geri qalan Asiya təmsilçisinə yollanması. Burda əsas amil kimi Avropada oynayan futbolçunun daha çox diqqət mərkəzinə düşməsi götürülür. Məsələn, Mahir Emrelinin “Legiya”da uğurlu legioner karyerası yaşaması Polşaya əsl futbolçu bazarı kimi baxan Almaniya klublarının diqqət mərkəzinə düşməsini qaçılmaz edir. Azərbaycanlı futbolçu (milliləşdirilmiş yox, sırf azərbaycanlı futbolçu) hansısa Bundesliqa klubunda – mükəmməl səslənir!

Bu qeyd etdiyim amildən başqa, Bəhlulun Qərbə yox, Şərqə üz tutmasında hansısa mənfi amil tapa bilmədim. Hələ bunun özünün də aşağıda qeyd edəcəyim müsbət məqamların fonunda nə dərəcədə aktual məsələ olduğu da müzakirəyə açıq mövzudur.  

Müsbət məqam

Uzun müddət sonra ilk dəfə hansısa xarici klub azərbaycanlı futbolçunun transferi üçün əlini cibinə atdı. Bu, nə deməkdir? Yəni xaricdə azərbaycanlı futbolçuya dəyər verildi. Bunun özü yerli futbolçunun müsbət imicinin formalaşması baxımından çox mühüm amildir. Özü də, bu keçidi həyata keçirən hansısa yeni yaradılmış, naşı klub yox, ölkəsinin ən titullu, həmçinin təmsil etdiyi qitənin hörmət edilən klublarından biridir (həm maddi, həm də peşəkarlıq baxımdan). Deməli, sabah hansısa xarici klub azərbaycanlı futbolçuya “elçi düşəndə”, futbolçuya və onun agentlərinə minnət qoymayacaq, əksinə, “dəyərli tapıntı”nı əldən buraxmamaq üçün cəhd edəcək.  

Bəhlula görə heç də az məbləğ ödənilməyəcək ki, bu məbləğ bəlkə də, azərbaycanlı futbolçular arasında rekord məbləğ olacaq. Bu da adətən futbolçu satışı xanasında “0” rəqəmi olan Azərbaycan klubları üçün ilklərdəndir. Düzdür, bəzi istisnalar da var. Məsələn, “Qarabağ” cənubi afrikalı hücumçusu Dino Ndlovunun Çin klubuna satışından ölkəmiz üçün kifayət qədər yaxşı hesab edilən məbləğdə irəli düşmüşdü. Lakin burda başqa amil də var – futbolçunun azərbaycanlı, ən əsası, Azərbaycan futbolunun yetirməsi olması. Bu amilin özü yerli futbolçuların müsbət imicinin formalaşması istiqamətində mühüm addımdır. Ancaq burda başqa məsələ də var, yerli futbolçudan qazanılan maddi mənfəət. “Sabah” Bəhlulu iki il öncə “Qəbələ”dən, təxminən 100 min manata transfer etmişdi. Həmin vaxt Azərbaycan futbolu reallığında 22 yaşlı futbolçu üçün bu məbləğin ödənilməsi bəziləri tərəfindən birmənalı qarşılanmamışdı. Üstəlik, Azərbaycanda klublar arasında “transfer mədəniyyəti”nin tam formalaşmadığını nəzərə alsaq, bu addım ikiqat təəccübə səbəb olmuşdu. Əksər hallarda yerli klublar hansısa gənci heyətinə cəlb etmək istəyəndə, ya daha yüksək məbləğ təklif edərək futbolçunu klubundan azad agent statusu almağa şirnikləndirir, yaxud da səbrlə futbolçunun klubuyla müqavilə müddətinin bitməsini gözləyirlər. “Sabah” isə tam fərqli addım atdı. “Qəbələ”yə futbolçu üçün müəyyən məbləğ ödəyərək, klubun Bəhlulun yetişməsi üçün çəkdiyi əziyyəti yerə vurmadı. Ardınca “Qəbələ”dən daha bir neçə gənc eyni qayda ilə “Sabah”a üz tutdu. Bir çoxu Masazır təmsilçisinin bu gedişlə büdcədə yersiz xərcə yol verdiyini düşünsə də, “ağ-göylər” həm “Qəbələ”nin haqqını vermiş oldu, həm də maddi planda bir xeyli irəli düşmüş oldu. Mətbuatda yazılanlar doğrudursa, “Sabah” Bəhlulun “Əl Əyn”ə transferindən futbolçuya görə xərclədiyindən ən azı 10 dəfə çox qazanacaq. Deməli, klub yerli futbolçuya verdiyi dəyərə görə ən azı 10 dəfə qabağa düşəcək. Bu tendensiya gələcəkdə də davam etsə (bunda Bəhlulun özünü hansı dərəcədə doğrultması da böyük rol oynayacaq), Azərbaycan futbolunda yeni tendesiya yaşana bilər: ucuz al, baha sat, qazan! Hansı ki, bu siyasət Avropada artıq uzun müddətdir geniş istifadə olunur, bir çox orta və kiçik klubların həyatda qalmaq devizinə çevrilib.  

              

– Yuxarıda vurğuladığım kimi, “Əl Əyn” BƏƏ təmsilçisi olsa da, kifayət qədər yaxşı imkanlara malik klubdur. Komandanı Sergey Rebrov kimi ötənlərin məşhur futbolçusu və günümüzün perspektivli mütəxəssisi çalışdırır. Bir çox məşhur futbolçunun top qovduğu BƏƏ çempionatı menecerlər və skautlar tərəfindən bəzi Avropa liqalarından da çox maraqla izlənilir. Çünki bu liqaya təkcə “qoca avropalılar” yox, Afrikadan, Cənubi Amerikadan bir çox istedadlı gənc də təşrif buyurur. Özü də, həmin futbolçuların burda qazancı heç də az olmadığından, maraq göstərən klublar Avropanın ortabab yox, top liqalarını təmsil edir. Belədə, uğurlu legioner karyerası yaşayacağı halda, ən azı Mahir kimi Bəhlulun da Avropanın top liqa təmsilçilərinin diqqət mərkəzinə düşmək ehtimalı az deyil.     

– “Əl Əyn” ölkəsinin ən titullu klubudur, bir növ flaqmanıdır. Klub Asiya Çempionlar Liqasında da uğur qazanıb – 1 dəfə çempion, 2 dəfə finalçı. Bundan əlavə, klubun sahibi Məhəmməd bin Zayed Al Nahyan Əbu-Dabi əmirliyinin vəlihədidir. Yəni kifayət qədər nüfuzlu şəxslərdəndir. İnternet üzərindən kiçik araşdırma apardıqda, “Əl-Əyn”in bir peşəkar klub kimi həm infrastruktur, həm nüfuz, həm də maddi baxımdan böyük imkanlara malik olduğu görünür. Yəni Bəhlulun yeni iş yeri heç də hansısa ortabab Avropa liqasının ortabab təmsilçisindən ad baxımından geri qalmır, əksinə, üstələyir.

–  Azərbaycanlı futbolçunun bu cür titullu, imkanlı kluba keçməsi (pul qarşılığında transfer olması) yerli oyunçuların imici baxımından da çox müsbət məqamdır. Müasir dövrdə futbolçunun CV-si “transfermarkt”da göstərilən rəqəmlərdir. Burda nə qədər yüksək rəqəmlər olsa, həmin futbolçu, təmsil etdiyi ölkənin oyunçuları ilə bağlı da o qədər müsbət fikir formalaşır.

Bəhlul BƏƏ-də yadlıq hiss etməyəcək. Həm baş məşqçisinin postsovet ölkələrindən birinin nümayəndəsi olması, həm də “Sabah”ın sabiq çalışdırıcısı Visente Qomes və məşqçisi Xose Pinedonun da “Əl Əyn”in məşqçilər korpusunda yer alması 24 yaşlı müdafiəçinin uyğunlaşma baxımından işini xeyli rahatlaşdıracaq.   

Yuxarıda qeyd etdiklərimə əsasən deyə bilərəm ki, “Bəhlul pula görə Avropanı yox, Asiyanı seçdi” tipli fikirlər tamamilə absurddur. Hər birimiz bilirik ki, indiki şəraitdə azərbaycanlı futbolçunun Avropanın top liqalarında top qovması real deyil. Bu liqalara üz tutmaq üçün tranzit ölkə kimi isə Avropanın ortabab klubları ilə Asiyanın nəhəngləri arasında elə də ciddi bir fərq yoxdur. Hə, bilirəm, indi bəziləriniz “heç olmasa, Türkiyə, Rusiya klublarına üz tutmaq olmazdı?” deyə düşünürsüz. Bu ölkələrdən hansı təklif olub ki, Bəhlul, menecerləri və ya klubu razılıq verməyib? Şəxsən məndə belə bir məlumat yoxdur. “Seltik”lə bağlı yayılan xəbərlər də vaxtilə futbolçunun özü və klubu tərəfindən təkzib edilmişdi.  

Və sonda, futbolçunun transferində “Sabah”ın rolunun danılmaz olduğunu da xüsusi vurğulamalıyam. Ölkənin ən perspektivli müdafiəçilərindən sayılan Bəhlul məhz “Sabah”a keçdikdən sonra milliyə çağırılmağa başladı, hətta yığmanın əsas heyət üzvünə çevrildi. Perspektivli müdafiəçini daim müsbət mənada önə çəkən və danışıqlar zamanı ən yüksək məbləğə göndərilməsində klub rəhbərliyinin rolu danılmazdır. Bəziləri bunu klubun daha çox qazanmaq istəyi kimi qəbul etsə də (əslində peşəkar futbolda bu tam normal haldır), fikrimcə, yerli futbolçunun dəyərinin artırılması, xarici klublar tərəfindən bu günə kimi azərbaycanlı futbolçularla bağlı formalaşmış “ucuz işçi qüvvəsi” kimi anlayışı məhv etmək baxımından tam uğurlu gediş idi.

İstənilən azərbaycanlı futbolçunun ölkə xaricinə yollanmasını (istiqamətindən asılı olmayaraq) ancaq alqışla qarşılamaq lazımdır. Həm Bəhlul, həm də Azərbaycan futbolu üçün uğurlu olsun!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button