“Üç ay ərzində gözümüzdəki eynəyi götürdülər, sonra geri qaytardılar” – Alleqri
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının 36-cı turunun “Empoli” ilə matçından sonra (1:4) açıqlama verib.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, qarşılaşmaların asan keçmədiyini diqqətə çatdırıb:
“Bəhanə axtarmaq lazım deyil, çünki biz “Yuventus”uq. Qalib gəlməyə və ya ən azından qələbə uğrunda mübarizə aparmağa öyrəşmişik. Qarşıda iki oyunumuz var. Hazırda edə biləcəyimiz tək şey sakit qalmaq və məğlubiyyəti qəbul etməkdir. Oyundan əvvəl 69 xalımız var idi və 2-ci yerdə qərarlaşmışdıq. İndi isə 59 xalla yeddinci pillədəyik.
Mən futbolçularımı qınaya bilmərəm. Oyunlar asan keçmir. Qarşıdakı günlər də bizim üçün asan keçməyəcək. Çünki artıq avrokuboklardan kənarda qalmışıq. Üç ay ərzində gözümüzdəki eynəyi götürdülər, daha sonra geri qaytardılar. Bu, bəhanə deyil. Bizim üçün anormal mövsüm keçir”.
Maliyyə pozuntuları ilə bağlı aparılan araşdırmanın yekununda “qoca sinyora”ya 10 ballıq cərimə cəzası verilib. “Yuventus” qəbul edilən qərarla İtaliya çempionatında 2-ci pillədən 8-ci pilləyə düşüb.
Öncədən Turin təmsilçisinin 15 xal silinsə də, cəza növbəti qərara kimi ləğv edilib.
Bizi Facebook-da izləyin