Bəs haqq-ədalət? Bəs rəqabət?

AFFA Lisenziya Komissiyası növbəti mövsümdə Azərbaycan Premyer Liqasında iştirak etmək üçün qapıları taybatay açıb, Gəncənin “Kəpəz”, Tovuzun “Turan Tovuz” komandalarına lisenziya verib. Bu, nə deməkdir? O deməkdir ki, artıq qarşıdakı futbol ilində “Kəpəz” və “Turan Tovuz” Premyer Liqada mübarizə aparacaq. Pisdir? Suala birbaşa “hə, pisdir” cavabı versən, gəncəlilər və tovuzlular, elə, “Azərbaycanın bölgələrində futbol olmalıdır” deyibən imdad edən bakılılar, şəkililər, sumqayıtlılar, coratlılar, xudatlılar səni linç edərlər. Ona görə də, suala birbaşa cavab verməkdən yayınaq, acizanə şəkildə, yavaş-yavaş nəyin pis, nəyin yaxşı olduğunu izah etməyə çalışaq.

Bu yazını yazmaq üçün barmaqlarım klaviaturanın düymələrini döyəcləyəndə Peşəkar Futbol Liqasının rəsmi saytına göz atıb, birinci divizionda komandaların turnir cədvəlindəki mövqelərinə baxdım. “Kəpəz” 32 xalla 7-ci, “Turan Tovuz” isə 27 xalla 10-cu yerdədir. Birinci divizionda mövsümün başa çatmasına isə cəmi iki tur qalıb. Yəni dünya dağılsa, günəş çaşıb gecə, ay gündüz çıxmağa başlasa da, nə “Kəpəz”in, nə də “Turan Tovuz”un birinci divizionda birinci yeri tutmaq şansı var. “Birincilər”in arasında birinci yeri 54 xal toplayan “Qaradağ Lökbatan” tutub və həm rəsmi, həm də qeyri-rəsmi şəkildə birinci divizionun çempionudur!

Deməli…

Oxuduqca söyməyəcəksizsə, deyim, Premyer Liqada oynamaq haqqı sadəcə “Qaradağ Lökbatan”ındır. Bu, topun yumru, meydançanın düz olduğu bütün normal, sivil futbol ölkələrində belədir. Bu, futbolun yazılmış, yazılmamış qanunudur: çempion olan komanda daha yüksək liqaya birbaşa vəsiqə qazanır. Vallah da, billah da, bunu təkcə mən demirəm. Bunu FİFA deyir, UEFA deyir. Bunu FİFA prezidenti Canni İnfantino, UEFA-ya rəhbərlik edən Aleksander Çeferin deyir. Bunu futbolu az-çox bilən 70 yaşlı adam da bilir, 7 yaşlı uşaq da.

“Kəpəz” və “Turan Tovuz” birinci divizionda 7-ci, 10-cu yeri tuta-tuta Premyer Liqada niyə oynamalıdır? Bölgə komandaları olduqları üçün? Bəs haqq-ədalət? Bəs hüquq? Bəs rəqabət? Bəs futbolun sadəliyi, gözəlliyi?

“Kəpəz”lə “Turan Tovuz”un haqq etmədən Premyer Liqaya “vəsiqə qazanması” qədər adamı dəhşətə salan ölkənin idman mediasının hadisələrə baxışı, yanaşmasıdır. Sosial şəbəkədə əksər idman yazarları toy-bayram içindədir, “Urra, “Kəpəz”lə “Turan Tovuz” Premyer Liqaya qayıdır” paylaşımları edirlər. Baxırsan, baxırsan, sonra bir daha baxırsan. Ki, bəlkə, gözlərim məni aldadır, bəlkə, işin yorğunluğundan hər şeyi baş-ayaq görürəm? Gözlərini silib, bir daha baxırsan. Yox e, idman mediası ciddi-ciddi “Kəpəz”lə “Turan Tovuz”a AFFA-nın qeyri-qanuni, futbolun bütün qaydalarına tüpürərək verdiyi “vəsiqə”ni bayram edirlər.

İndi 21-ci əsrdir. Hər kəsin internet üzərindən dünyanı “gəzmək”, “dolaşmaq” imkanı var. İnternet bir yana, televiziya vasitəsi ilə İngiltərə, İspaniya, Almaniya, İtaliya, Fransa, Portuqaliya, Niderland çempionatlarını izləmək heç kim üçün çətin olmamalıdır. İzləmirlərmi, oxumurlarmı bu adamlar? Bu ölkələrin hansıda belə şeylər olur? Hansında aşağı divizionda 7-ci, 10-cu yerdə olan komandanı dartıb gətirib yüksək liqada oynadırlar? Hansı ölkədə illərlə aşağı divizionda komandalar oynayırlar, oynayırlar, yüksək liqaya çıxmırlar? Çıxanda da, bizdəki kimi, çempion komandanı yox, 7-ci, 10-cu yerdəkini çıxarırlar? Yoxdur belə bir nümunə. Yoxdur belə özbaşınalıq, biabırçılıq.

Azərbaycan idman mediasındakı əksəriyyət haqsızlığa, qaydaların ayaqlar altında tapdalanmasına çəpik çalır. Fərqində olsalar da, olmasalar da. Nə yazıq ki, ölkədə futbolun bu gündə olmasının günahı həm də, onların boynundadır. Etiraz etmək, doğru olanı yazmaq əvəzinə çəpik çaldıqları üçün.

“Kəpəz”lə “Turan Tovuz” Premyer Liqada oynayacaqmış. Ur-r-r-ra! (Meydan.tv)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button