“Bəlli büdcəmiz var, ondan kənara çıxa bilmirik”
Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində dogma “divarlar arası”nda “Keşlə”yə 1:4 hesabı ilə məğlub olan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib.
Komanda.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
- İlk növbədə “Səbail” ailəsini, azarkeşlərimizi təbrik edirəm. Çempionat boyu əzmkar komanda gördük. Düşünürəm ki, “Səbail” çempionata rəng qatmağı bacardı. Son 2 turda məğlub olmağımız motivasiya ilə bağlıdı. Yenə də istəyirdik ki, çempionatı pozitiv notda başa vuraq. Ancaq həvəsdən düşmürük. Çünki qarşıda bizi Avropa Liqası gözləyir. Qarşıda çox işimiz var. İndi ancaq futbolçuları təbrik etmək istəyirəm. Ən böyük pay sahibi onlardı.
- Heyəti neçə faiz qoruya biləcəksiniz?
- İndi bu suala cavab verə bilmirəm. Yalnız yerli uşaqlardan bu cavabı ala bilmişik. Elələri də var ki, cavab verməyiblər. Bizim də gözləmək vaxtımız yoxdu.
- Son tarix nə vaxtdı?
- Bu dönəmdə futbolçuların qiyməti qalxır. Təxmini 1 həftə gözləyəcəyik. Futbolçuları da qınamıram. Hamısı daha yaxşı şərtlər altında çıxış etmək istəyir.
- Heyəti qoruya bilmirsiniz. Sökülüb-yığılan komanda isə Avropa Liqasında uğursuzluğa məhkumdu…
- Doğru qeyd edirsiniz ki, komandanı formalaşdırmağa zaman tələb olunur. Ancaq bəlli bir büdcəmiz var. Ondan kənara da çıxa bilmirik.
- Mirabdulla Abbasovla apardığınız danışıqlar nə yerdədi?
- Hələ ki, rəsmi formada danışıq olmayıb. Mirabdullanın özüylə danışmışıq. Qarşıdakı günlərdə bu məsələyə aydınlıq gələcək.
- Abbasovun müqaviləsi növbəti mövsümü də əhatə edir. “Neftçi”dən onu götürmək üçün 100 min manatlıq kompensasiya ödənilməlidi. “Səbail” bu kompensasiyanı ödəməyə hazırdımı?
- Müqavilə şərtləri müzakirə olunduqdan sonra nəsə deyə bilərik. Ancaq belə kompensasiya ödəniləcəksə, əlbəttə ki, Mirabdullayla sözləşmə uzun müddətə imzalanacaq. (Sport24)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin