“Azərbaycanlı futbolçular bunun üçün daha çox məşq etməlidilər”
21 yaşadək futbolçulardan ibarət Fransa milli komandasının baş məşqçisi Silven Ripoll bu gün Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, fransız mütəxəssis 2:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyunla bağlı fikirləriniz nədir?
- Çətin matç oldu, ilk hissədə oyuna nəzarət etməyə çalışdıq. Qol vurmaq üçün çoxlu şansımız oldu. İkinci hissə daha çətin oldu. Azərbaycan millisi səylərini artırdığı üçün ikinci hissə ağır keçdi. Fasilədən sonra texniki baxımdan zəif çıxış etdik, xüsusilə də, top saxlamaqda.
- Fransada baş tutan ilk görüşdə 5:0 hesabıyla qələbə qazanmışdız. İki matç arasında Azərbaycan millisində hansı fərqləri gördüz?
- Fransada keçirilən oyunda daha çox mövqe əldə edirdik. Ancaq onu bildirim ki, bu gün Azərbaycanın oyununu bəyəndim, yaxşı çıxış etdilər. İkinci hissədə xüsusilə çoxlu problemimiz oldu. Açığı, Azərbaycanın güclü olacağını gözləyirdik. İsveçrə ilə müqayisədə daha yaxşı oynadılar.
- Fransanın heyətinə baxanda əzəmətli simalar görürük. Sizcə, bizim futbolçularda nə çatışmır ki, Avropada oynasınlar?
- Açığı, kifayət qədər detallarla deyə bilmərəm. Məncə, daha çox məşq etməlidilər. Azərbaycanda kifayət qədər istedadlı futbolçular var, bunu əvvəlki oyunda da görmüşdüm. Azərbaycanlı futbolçular bu gün meydanda bərabər mübarizəyə hazır olduqlarını göstərdilər.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin