“Azərbaycanla oyunda əsas məqsədimiz 3 xal qazanmaqdır”
Futbol üzrə İrlandiya millisinin baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, 50 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Azərbaycan millisi ilə ev oyununda çoxlu qol epizodundan yararlana bilmədik. Ona görə də Bakıdakı matça ciddi yanaşırıq. Canni De Byazinin başçılıq etdiyi kollektiv son vaxtlar az qol buraxır. Düzdür, son oyunda Portuqaliya bu komandaya 3:0 hesabı ilə qalib gəldi. Amma Azərbaycan millisi uzun müddətdən sonra ilk dəfə 2-dən artıq top buraxdı. Bu səbəbdən, ilk dəqiqələrdən qol vurmağa çalışmalıyıq.
Azərbaycan yığması əks-hücumlarda yaxşı oynayır. Onlar oyuna ciddi hazırlaşacaqlar. Həmçinin əks-hücumda yaxalanmaq təhlükəsi də var. Bu mənada, qol imkanlarımızdan yaxşı yararlanmalıyıq. Bu oyunda əsas məqsədimiz 3 xal qazanmaqdır. Heç-heçələrimizi qələbəyə çevirməliyik”.
Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçına saat 20:00-da start veriləcək.
Bizi Facebook-da izləyin