“Azərbaycanla oyuna 3 xal üçün çıxacağıq”
Futbol üzrə Monteneqro yığmasının yarımmüdafiəçisi Aleksandar Bolyeviç UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, 25 yaşlı futbolçu bu gün baş tutan mətbuat konfransında bunları deyib:
“Millətlər Liqasının startında Kipr və Lüksemburqu məğlub edərək 6 xal qazandıq. Turnirə yaxşı başlamaq və maksimum nəticə əldə etmək olduqca vacibdir. Növbəti rəqibimiz Azərbaycan olacaq. Tamamilə sabahkı oyuna köklənmişik və məqsədimiz aydındır. Evdə oynayırıq, özümüzə və keyfiyyətimizə güvənirik. Buna görə də meydana növbəti 3 xal üçün çıxacağıq”.
Belçika “Standard”ında çıxış edən oyunçu qrupda keçirdikləri ilk 2 matçı xatırlayıb: “Kiprə qarşı əla oynadıq. İlk dəqiqələrdən sonadək oyuna nəzarət etdik. Lüksemburqla qarşılaşmada isə gördük ki, bizdə güc çatışmır. Buna baxmayaraq, mübarizə apardıq, vuruşduq və sonda bəxtimiz gətirdi. Ümid edirəm ki, bu dəfə daha yaxşı çıxış edəcəyik”.
Qeyd edək ki, sabah Podqoritsa şəhərindəki “Qradski” stadionunda keçiriləcək Monteneqro – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Bizi Facebook-da izləyin