Azərbaycanın tanınmış cüdoçusu karyerasını bitirdi
Azərbaycanın tanınmış cüdoçusu Elmar Qasımov peşəkar karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, Qasımov bu barədə Azərbaycan Cüdo Federasiyasını məlumatlandırıb.
“Cüdo mənim həyatımda mühüm rol oynayıb. Karyeram boyu hər zaman Möhtərəm Prezident İlham Əliyevin bütün idmançılara olduğu kimi, mən də diqqətini və qayğısını hiss etmişəm və buna görə də, ölkə başçısına dərin minnətdarlığımı bildirirəm. Həmçinin, bu yolda məni müşayiət edən məşqçilərimə – Fərhad Məmmədova, Əli Dəvrişova, Ağayar Axundzadəyə, Hacıağa Hacıəhmədova, Mövlud Mirəliyevə, o cümlədən əldə etdiyim nailiyyətlərdə mənə dəstək olan Azərbaycan Cüdo Federasiyasına, yığmanın tibbi və texniki heyətinə təşəkkürümü bildirirəm. Hazırda hədəflərim başqadır və diqqətimi yeni planlarıma yönəltmək istəyirəm” – deyə, Qasımov bildirib.
O, idman karyerasında çoxsaylı uğurlara imza atıb. Qasımov 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı olmaqla yanaşı, 2009-cu ildə İrəvan şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanaraq himnimizi səsləndirib və bayrağımızı qaldırıb. O, dünya çempionatının bürünc və Avropa çempionatının üçqat mükafatçısıdır. İki dəfə nüfuzlu “Masters” turnirinin qalibi olmaqla yanaşı, “Böyük Dəbilqə” və qran-pri yarışlarında ümumilikdə 18 medal qazanıb.
Bizi Facebook-da izləyin